5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunur!- Ekspert: “Şirkətlər BNA-nın əlində “əsir” olublar”

“Onların problemlərini dinləyib, həll etmək lazımdır” 

“Uşaqların gediş haqqından azad olunması ilə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı var. O qərarda 6 yaşına qədər vətandaşların uşaq hesab edildiyi qeyd olunur. Görünür, daşıyıcı şirkətlər də bundan həvəslənib belə qərar veriblər”.

Bu barədə nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a bildirib. O, nəqliyyat vasitələrində azyaşlılar üçün təyin olunan qiymətlərdən danışarkən qeyd edib ki, bunu təkcə daşıyıcı şirkətlərin üzərinə atmaq düzgün deyil:

“Dövlətin bu işə müdaxiləsi daha doğru olar. Dövlət daşıyıcı şirkətlərin qarşısında şərt qoyub, pulu özü ödəməlidir. Çünki bu şirkətlər də özəl şirkətlərdir, sahibkarlıqla məşğul olurlar. Hər bir halda onlara da diqqət göstərmək lazımdır. Əgər bu şirkət müəllimdən, təqaüdçüdən, polisdən, hərbçidən, azyaşlıdan ödəniş almırsa, bunun qarşılığıda dövlət şirkətə nəsə etməlidir. Bu dünyada qəbul olunmuş təcrübə və qaydadır. Sözsüz ki, bu olmadıqdan sonra şirkətlər müxtəlif yollarla gediş haqqını tələb etməyə başlayacaqlar”.

Aidiyyəti qurumların məsələyə qanunvericilik səviyyəsində baxmalı olduğunu bildirən ekspert onu da əlavə edib ki, dövlət daşıyıcı şirkətləri dinləməlidir:

“Neqativ hallara rast gəlinirsə, aradan qaldırmaq lazımdır. Günümüzdə Bakı şəhərindəki daşıyıcı şirkətlər Bakı Nəqliyyat Agentliyinin əlində “əsir” olublar.  Onların problemlərini dinləyib, həll etmək lazımdır”. 
Qeyd edək ki, Bakı şəhərində avtobusların birində çəkilmiş elanda 5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunduğu yazılıb. Lakin əvvəllər bu tələb 6 yaşdan yuxarı azyaşlılara aid edilirdi.