“YAŞAT” həm yaşamalı, həm də yaşatmalıdır! – “Fonda böyük ehtiyac var”

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT”  ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat yayıb. Hesabatda Fonda daxil olan və xərclənən vəsaitlər haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti ümumilikdə 9 390 müraciət təmin edilib. Ümumilikdə 176 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir.  “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

Hesabatda göstərilib ki, 28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib.

 Mütəxəssislər tərəfindən aparılmış müayinələrin nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib.

2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub. Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası ölkəmizə gəlib. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə ediblər. 
Hesabatda, 2022-ci il 20 may tarixində“YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçiridiyi vurğulanıb. Görüşdə Türkiyədə müalicəsi davam edən şəxslərin ölkəyə geri qayıtdıqdan sonrakı müalicəsi barədə müzakirələr aparılıb.

“YAŞAT” Fondunun yaydığı hesabat haqqında “Sherg.az”a danışan iqtisadçı-ekspert  Pərviz Heydərov bildirib ki, Vətən müharibəsindən sonra belə bir qurumun yaranmasına böyük ehtiyac vardı:

“ “YAŞAT” Fondu müharibədə iştirak etmiş şəxslərin və onların ailə üzvlərinin cəmiyyətdə layiqli yer tutmaları və müharibə zamanı verdikləri itikləri görə onlara yardım həyata keçirilməsi səbəbiləyaradılan bir qurumdur. 

Ötən dövr  ərzində qeyd etdiyim statusda olan şəxslərin geniş miqyasda yardım aldıqları, müalicə olunduqları, xarici ölkələrə müalicəyə göndərildikləri kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Hesab edirəm ki, Fondun yaradılmasında məqsəd nə idisə, onun icrası qənaətbəxş səviyyədə yerinə yetirilir”.

P.Heydərovun sözlərinə görə, Fondun maliyyə sarıdan vəziyyəti barədə müntəzəm məlumatların açıqlanması arzuolunandır:
“Bu, Fonda yardım edənlər və vəsait ödəyənlər üçün bu mühüm amildir. 

Eyni zamanda, stimullaşdırıcı  addımdır. “YAŞAT” Fondunun fəaliyyətinə bundan sonra daha böyük ehtiyac var.  Vətən müharibəsində sağlamlığını itirmiş, fiziki imkanlarından məhrum olmuş  şəxslərin sonrakı dövrdə daha böyük dəstək və qayğıya ehtiyacı var”.