“Lavrov yenə də Rusiyanın moderator olmasını istəyir” – AKTUAL ŞƏRH

Ermənistan növbəti dəfə təxribata əl atıb. Hadisə iyunun 24-ü gecə saatlarında Laçın istiqamətindəki mövqlərimizdə baş verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Lakin iki ölkə arasında sülh müqaviləsinə dair müzakirələr gedərkən və xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə olarakən bu kimi halların baş verməsi müəyyən siyasi siqnallar da ötürməmiş deyil. 

Mövqelərimizin atəşə tutulması haqqında “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, istənilən halda bu müsbət qarşılana bilməz:

“Lavrov yenə də Rusiyanın moderator olmasını istəyir. O, çıxışında Azərbaycan xarici siyasətinin Rusiya ilə uyğunlaşdırılmasını istədiyini qeyd edib. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik müqaviləsi xüsusi önəm verilməsi lazım olduğunu bildirib. Amma belə bir halda sülh müqaviləsinin hazırlanmasına baxmayaraq, Qarabağdakı erməni silahlı birləşmələrinin hələ də tərk-silah edilmədiyi bəlli olur.  Halbuki bu proses sülh bəyanatına qədər həll olunmalı idi. Bundan başqa Zəngəzur dəhlizi də açılmayıb. Bu sahədə Rusiyanın xüsusi təzyiqini görmürük. Eyni zamanda, Ermənistanla sərhədlərin delimitasiya, demarkasiya məsələləri də baş tutmayıb”.

T.Rzayevin sözlərinə görə, Rusiya öz tələblərinin əksinə hərəkət edir:

“Kreml Azərbaycanla müttəfiqlik əlaqələrinə önəm verdiyini deyir, lakin Rusiyanın daha çox Ermənistanın mövqeyini dəstəklədiyinin və Qarabağdakı seperatçıların dövlət kimi təqdim etmək cəhdlərinin şahidi oluruq. Bunların heç biri müttəfiqlik ruhuna uyğun deyil. Rusiya Azərbaycanın maraqlarına zidd addımlar atır.

Biz Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərin müəyyən nəticəsinin olduğunu görürük. Lakin Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda heç bir nəticə əldə olunmur. Rusiya Qarabağ münaqişəsinin yeganə arbitrı qalmaq istəyir. Eyni zamanda, yeni təxribatlar baş verir.

 Bunların heç biri nə Rusiya ilə müttəfiqlik, nə də qonşuluq əlaqələrinə uyğundur. Rusiyanın neytral ədalətli arbitr kimi Qarabağ münaqişəsinin həllində rol oynadığını görürük. Həm də Rusiya tərəfindən Ermənistana göstərilən təzyiqə də şahid olmuruq. 

Ona görə, Rusiya həqiqətən də müttəfiqlik münasibətləri qurmaq, pozitiv qarşılanmaq istəyirsə, Qarabağ mövzusundakı ikiüzlü davranışını, anti-Azərbaycan mövqeyini korrektə etməlidir”.