VI Zirvə Toplantısı! - “Alternativlərə Zəngəzur dəhlizi  və Xəzər dənizindən keçən kommunikasiyalar daxildir”

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Dövlət başçılarının VI zirvə toplantısı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb. Toxunulan məsələlərdən biri də Zəngəzur dəhlizi olub. Yeni reallıqları nəzərə alaraq, vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də Xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcək. Həmçinin bu dəhliz nəqliyyat-kommunikasiya qovşağına çevriləcək Xəzər regionunda Azərbaycanın oynadığı mühüm rolun daha qabarıq gözə çarpmasına səbəb olacaq.Ölkə başçısı İlham Əliyev də öz nitqində dəhlizin artıq reallığa çevrildiyini vurğulayıb:

 “Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.

Zirvə toplantsını və müzakirə olunan mövzuları “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekpert Əziz Əlibəyli şərh edib. O, bildirib ki, hazırda bölgənin imkanları nəzərdən keçirilir:

“Yeni dünya üzərindən Avropa, ABŞ, Rusiya, toqquşmasının bir də Aralıq cəbhəsi var. Bu Çin və Rusiya arasındakı ərazidir.  Ümumiyyətlə, Qərbin Rusiyaya dair planı müharibənin nəticələrinə görə məlum olacaq. Rusiyanın alternativlərdən nə cür istifadə edəcəyi maraqlıdır. Alternativlərə Zəngəzur dəhlizi  və Xəzər dənizindən keçən kommunikasiyalar daxildir. Amma burada da mövcud problemlər var”.

Ekspertin sözlərinə görə, Xəzəryanı ölkələrin mövqeyi üst-üstə düşmür:

“Hər ölkə fərqli baxışa sahibdir. Bu mənada Zirvə toplantısı beynəlxalq münasibətlərdə  Rusiya, Qazaxıstan, Azərbaycan,  Türkmənistan və İran arasında kommunikasiyaların işlək olmasına və faydalarına dair müzakirələr olunmalıdır. Gələcəyə yönəlik hansı imkanlardan istifadə edə bilərlər, Xəzərdən keçməklə Çinə hansı alternativ dəhlizlər təhlükəsiz şəkildə qurula bilər və bunun kimi digər mövzular maraq dairəsində olmalıdır.

Həmçinin Zəngəzur dəhlizinin açılmasına Ermənistan tərəfinin maneə olması ilə yanaşı, Əfqanıstandakı proseslər də maneə olur. Əfqanıstan uzun illər Taliban və yaxud ABŞ  hakimiyyətinə bağlı olub.

 Bu baxımdan Rusiya öz Xarici İşlər Nazirliyinə Əfqanıstanla münasibətləri ən üst səviyyəyə çatdırmaq üçün addım atmaq tapşırığı verdi. Çünki Çinə gedən yolun üstündə önəmli ölkələrdən biri də Əfqanıstandır. Əgər o, maneə olsa nə baş verəcək? Bu çox ciddi və böyük problemlərdir”.