Orduda intihar -  Komandirlər əsgərləri dinləməlidirlər! 

“Hər bir əsgər fərdidir və hər bir əsgərin daxili aləmi fərqlidir”

"Bütün bunları diqqətdə saxlamalıyıq. Belə məsələlərə diqqət azalarsa, o zaman təbii ki, ağır fəsadlar qaçılmaz olacaq”


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.
“Unikal”ın əldə etdiyi məlumata görə, R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.

Rəvanın özündən böyük bir qardaşı da var. Böyük qardaşı yenicə hərbi xidmətdən qayıdıb. O, Naxçıvanda xidmət edib. R.Tağıyevin nəşi bu gün doğulduğu Salahlı kəndinə gətirilib və orada dəfn olunub.

Orduda baş verən intiharların səbəblərindən və bu problemin çıxış yollarından danışan  hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, ordu kifayət qədər geniş heyətə malikdir:

“Burada insanların fəqli xarakterləri və xüsusiyyətləri ola bilir. Təbii ki, orduda intihar hallarının baş verməsi heç kim üçün qəbuledilən və xoş hadisə deyil. 

Bu kimi hallar intizamla, hərbçinin  daxili aləm ilə, aldığı xəbərlərlə, ailəsində baş verən dəyişikliklərlə, şəxsi həyatında mövcud olan problemlərlə bağlı ola bilər. İstənilən halda bu hadisələr araşdırılmalı  və analiz olunmalıdır. Bu statistikaları əldə etdikdən sonra biz nə isə deyə bilərik. 

Amma orduda intiharların qarşısını almaq üçün ciddi tədbirlər görülməldir. Lakin düşünmürəm ki, bunlarla bağlı ölçülər götürülümür. Ancaq hər bir halda biz istərdik ki, bu barədə rəsmi statistikalar dərc olunsun və ictimaiyyət bu haqda məlumatlı olsun.  Ordu bölmələrində nizam-intizam kifayət qədər yüksək səviyyədədir. Amma ayrı-ayrı çatışmazlıqların mövcud olduğunu  vurğulamalıyam”.

Ekspert hərbi qulluqçulara səslənib, onları belə addımlardan çəkinməyə çağırıb: 

“İntihar heç bir problemi həll etmir. Əksinə, mövcud olan problemləri  daha  da dərinləşdirir. Şəxsin ailəsində və yaxınlarında  böyük kədər hissi yaradır. 

Odur ki, hərbçilərimiz, o cümlədən vətəndaşlarımız problemlərin həllini bu yolda axtarmasınlar. 

Hərbi qulluqçılar çətin vəziyyətlərdə komandirlərə, rəhbər şəxslərə müraciət etsinlər, problemlərini onlarla bölüşsünlər. 

Komandirlər isə daim şəxsi heyətlə fərdi söhbətlər aparmalı, onların daxili aləmlərinə nüfuz etməli, problemlərini bilməlidirlər. Hər bir əsgər fərdidir və hər bir əsgərin daxili aləmi fərqlidir. 

Bütün bunları diqqətdə saxlamalıyıq. Belə məsələlərə diqqət azalarsa, o zaman təbii ki, ağır fəsadlar qaçılmaz olacaq”.