14 oktyabr 2022-ci il tarixində Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Nazir Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, görüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə 2 oktyabr tarixində ikitərəfli görüşün keçirildiyini və Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğu deyilib. Elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb.Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın isə bu prosesdə, işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.
Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb. O cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib. Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşü “Sherg.az” dəyərləndirən politoloq İlqar Vəlizadə diqqətə çatdırıb ki, Astana görüşü üç tərəfin də sinxron fəaliyyətindən xəbər verir:
“Ermənistan son zamanlar post-münaqişə məsələlərini, Qərbin vasitəçiliyi ilə həll etməyə çalışır. Bu vasitəçilikdə konkret təkliflər olduğu üçün Azərbaycan da iştirak edir. Ancaq təkliflərdə bəzi şübhə doğuran məqamlar var. Məsələn, sərhədlərədəki müşahidəçi missiyanın fəaliyyəti, bizim üçün qəbul edilən deyil. Ermənistan tərəfi isə bu missiyanı çox arzulayır. Son olaylar isə missiyanın Azərbaycanla bağlı qərəzli mövqe ortaya qoya biləcəyini göstərir. Buna görə də belə missiyaların destruktiv xarakter daşıdığını düşünürəm. Amma Azərbaycan tərəfi bu missiya ilə də konstruktiv əlaqələr saxlamaq niyyətindədir. Bütün hallarda addımlar razılaşdırılmış şəkildə atılmalıdır".
Analitik qeyd edib ki, Rusiyanın təklifləri hərtərəfli olduğu üçün bizi qıcıqlandırmır:
"Kreml məsələlərin konkret həlli ilə bağlı müzakirələr aparmaq niyətindədir. Bunlar delimitasiya və nəqliyyat yollarının açılması ilə bağlıdır. Məsələ burdadır ki, Moskva tələsir. Bu tələskənliyin ardında isə oktyabrın sonunda Brüsseldə keçiriləcək komissiyadan öncə müəyyən razılıqların əldə edilməsi dayanır. Çünki bu razılıqların əldə edilməsi ilə Rusiya öz mövqeyini ortaya qoyur. Kremlin mövqeyi isə prosesin onun əli ilə getməsidir. Burada da bizim bəzi maraqlarınız kəsişir. Ona görə ki, Rusiya məsələni balanslı şəkildə həll etmək istəyir və biz burada müəyyən ziddiyyətlər görmürük".