«Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.»
Bu fikirləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub:
"Prezident İlham Əliyev oktyabrın 13-də Astanada, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, 2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünya da BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır. COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün Azərbaycan tərəfindən yüksək səviyyəli iclasının keçirilməsi təklifi irəli sürülmüşdür".
K.Bayramov vurğulayıb ki, hazırda Azərbaycan və Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsində strateji rol oynayır. Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən biri olmasına səbəb olub:
"Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi, təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Ölkəmiz böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır".
Deputat əlavə edib ki, ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan, bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırıb.