“Çünki bu, onların özləri üçün yeni cəbhə açması deməkdir”
“Belə cəbhə də rəsmi Tehranın sonu ola bilər”
“İran məlum parad və təlimlərlə həm Azərbaycana, öz daxilindəki qüvvələrə sətiraltı mesaj verir”.
Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli SEPAH-ın quru qoşunlarının Araz çayı kənarında hərbi təlim öncəsi parad keçirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, manevrlərin Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün keçirilməsi ehtimalı var:
“Xatırlayırsızsa İran rəhbərliyi sərhədlərin dəyişməsinə dözməyəcəyini bəyan etmişdi. Paradın da bu yöndə göz dağı vermək üçün edilməsi gözləniləndir. Digər tərəfdən, daxili auiditoriyaya çatdırılır ki, hər şey bizim nəzarətimiz altındadır və biz sakit şəkildə hərbi hazırlıqlar keçiririk.
Burada dünyaya da bir mesaj var. Yəni ölkədəki üsyanlar yatırıldı və İran artıq xarici siyasətlə məşğuldur. Rəsmi Tehranın Azərbaycana qarşı belə hərəkətlər etməsi isə ilk deyil.
Yadınızdadırsa 2000-ci ildə onların qırıcıları və gəmiləri bizim sərhəddi keçmişdi. Lakin Bakı səmasında Türk ulduzlarının uçmasından sonra rəsmi Tehran provokasiyalara son qoymağa məcbur oldu. Amma artıq o illər deyil və çox şey dəyişib. Azərbaycan öz ərazisini azad edərək, İranla sərhədlərini nəzarətə götürüb və üstün tərəfdir.
Eyni zamanda biz Türkiyə ilə daha da yaxınlaşmışıq. Rusiya ilə olan münasibətlər ən üst nöqtəyə çatıb. Bu səbəbdən də İranın Azərbaycana ciddi şəkildə təzyiq edə biləcəyini düşünmürəm.
Təlimlər sadəcə boş hədə-qorxudan ibarətdir. Çünki cənub qonşumuzda hər an növbəti mitinqlər alovlana bilər və başı onlara qarışıb”.
Ə.Məmmədli onu da diqqətə çatdırıb ki, İranda 40 milyon soydaşımız və Təbriz var:
“İndiki halda bizimlə müharibəyə qərar vermək onların özləri üçün yeni cəbhələr açması deməkdir. Bu isə rəsmi Tehranın sonu ola bilər.
Buna görə də onların bizə qarşı ciddi provokasiya edəcəklərini düşünmürəm. Ancaq istənilən halda rəsmi Bakı buna cavab verməlidir. Ən yaxşı cavab isə İranla cənub sərhədlərimizdə Türkiyə və Azərbaycanın birgə təlim keçirməsi olacaq”.