“Türkiyə ilə birlikdə bölgəmizi sülh və əməkdaşlıq regionuna çeviririk”

“Zəngilanın alınmasından 2 il keçməsinə baxmayaraq orada hava limanının tikilməsi bunun ən böyük nümunələrindən biridir”

 “Bütün bunlar bizim yeni bir sistem formalaşdırdığımızı göstərir”


Bu gün Zəngilanın işğaldan qurtulmasından 2 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri isə Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı daha sonra Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Bu gün Zəngilanın azadlığının 2-ci il dönümündə isə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib. Dövlət başçıları hava limanının rəsmi açılışını bildirən rəmzi qırmızı lenti kəsiblər.

Türkiyə ilə birlikdə bölgəmizin sülh və əməkdaşlıq regionuna çevrildiyini deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında vurğulayıb ki, Zəngilanın alınmasından 2 il keçməsinə baxmayaraq orada hava limanının tikilməsi bunun ən böyük nümunələrindən biridir: 

"Bütün bunlar bizim yeni bir sistem formalaşdırdığımızı göstərir. Bunlar qitələri birləşdirən enerji və nəqliyyat sistemləridir. Bizə bölgədə sabitlik lazımdır ki, bu layihələr həyata keçirilsin. 

Tərəfdaşlıq əsasında isə bir çox ölkələrin prosesə böyük maraqları var. Azərbaycan bu istiqmətdə beynəlxalq layihələrini maliyyələşdirmə sürətinini artıraraq, prosesdə iştiraka dəvət edir. 

Çünki bunların sayəsində bir çox ölkələr əməkdaşlıqdan böyük qazanc əldə edə bilər. Azərbaycan və Türkiyə isə sözügedən mühiti birlikdə yaradırlar.
 Bütün bu layihələr həm də işğaldan azad edilmiş ərazilərin inkşafına və yenidən qurulmasına böyük töhfə verir”.