Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Vaziani təlim bazasında keçirilən nümunəvi təlimləri bu ölkənin müdafiə qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib.
Xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər “AN-2” tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər. Nazirlikdən bildirilib ki, “Qafqaz Qartalı-2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir.
O da qeyd olunub ki, təlimlərdə iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər, məskun ərazilərdə döyüş əməliyyatları ilə bağlı təcrübə paylaşımı edəcəklər.
Təlimləri “Sherg.az”a dəyərləndirən hərbi ekspert ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, hər üç ölkənin Cənubi Qafqazda ortaq maraqları var:
“Bu təlimlər birinci dəfə deyil. Bundan öncə də üçtərəfli təlimlər baş tutmuşdu. Bilirik ki, hər üç dövlət terrorçuluq mənbəyi olan bir ölkə ilə qonşuluq edir. Gedən proseslərdən bölgədə Ermənistanın gərginliyə səbab olan fəaliyyətlərlə məşğul olduğunu görürük.
Digər tərəfdən isə Azərbaycanın bölgədə öhdəsinə götürdüyü yeni enerji layihələrinin və lojistik yolların açılması məsələsi var. Lakin müəyyən qüvvələrin prosesləri ləngitmək istəyi görünür. Ancaq gecikdirə biləcəklərini düşünmürəm. Bundan başqa təlimlərdə iştirak edən üç ölkədən də enerji kəmərləri keçir. Ona görə də bu manevrlər qaz və neft kəmərlərinin gələcəkdə birlikdə müdafiəsinə şərait yaradır”.
Ekspert qeyd edib ki, təlimlər gələcəkdə həm antiterror əməliyyatları aparmaq üçün, həm də xüsusi təyinatlı qüvvələrin təcrübə mübadiləsi üçün çox vacibdir:
“Çünki kəmərləri qorumaq üçün birgə fəaliyyət göstərmək lazım olacaq. Bunun üçün birlikdə təlim keçməliyik. Dünyada gedən geosiyasi vəziyyəti və regiondakı gərginliyi nəzərə alsaq, enerji kəmərlərinin gələcəkdə terrora məruz qalması ehtimalı güclüdür. Biz isə bu terrorçunu uzaqda axtarmamalıylq.
Onlar bizim qonşuluqdadır. Ermənistan tərəfindən dəstəklənən və sifariş edilən terrorçu dəstələrin fəaliyyəti istinasızdır. Bu kimi manevrlər dövlətlər arasındakı hərbi dostluğu inkişaf etdirir. Düşünürəm ki, bizim qürur mənbəyimiz olan xüsusi təyinatlı qüvvələrin təlimdə iştirakı Gürcüstan üçün böyük avantajdır.
Çünki onlar müharibə təcrübəsindən çıxıblar və dünyada tanınırlar. Digər tərəfdən Türkiyənin xüsusi təyinatlılarınında zəngin antiterror təcrübəsi var. Hər şey bu üçlünün qazancına hesablanıb. Qazanc isə regiondakı sabitlik və sülhün qorunmasıdır".