“Xəzərin cənub hissəsinin bölgüsündə problemlər var”

“Sözügedən məsələ yalnız ikitərəfli qaydada həll oluna bilər. Digər ölkələrin buna qarışması zəruri deyil” 


Qazaxıstan parlamenti Türkmənistanla Xəzər dənizində sərhəd xətlərinin müəyyən edilməsi haqqında sazişi təsdiqləyib. Qazaxıstanlı senator Nurcan Nursipatov mövzu ilə bağlı açıqlamasında Qazaxıstan və Türkmənistan arasında ortaq sərhədlərin müəyyənləşdirilməsində yeni mərhələyə keçildiyini bildirib.

O qeyd edib ki, Xəzər dənizinin iqtisadi, sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, sazişin ratifikasiyası iki ölkənin dövlət sərhədi məsələlərinə qarşılıqlı hörmət əsasında qurulub, etimad və bərabərlik ruhunda həlli ilə nəticələnəcək:

Qeyd edək ki, Sərhəd razılaşması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzasından sonra qüvvəyə minəcək. 

Xəzər konvensiyasının 2018-ci ildə qəbul olunduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında vurğulayıb ki, Xəzər Dənizinin hüdudları bu konvensiyaya əsasən bölünüb:

“Burada həm iqtisadi zonaların sərhədləri müəyyən olunub, həm də hər ölkəyə məxsus olan olan akvatoriya dəqiqləşdirilib. Dənizin hüdudunun bölünməsini Xəzəryanı ölkələr özləri müəyyən etməlidirlər. Bu isə ortaq xətt üzərində aparılmalıdır. Türkmənistan və Qazaxıstan da dəniz sərhədlərini özləri müəyyənləşdirdilər. Bu da onu göstərir ki, Xəzərin şimal hissəsində bölgü artıq tamamlanıb. Cənub hissədə isə hələlik müəyyən problemlər var. Sözügedən problemlər isə yalnız ikitərəfli qaydada həll oluna bilər. Digər ölkələrin buna qarışması zəruri deyil”.