Diasporamızın gücü ikiqat artacaq

Artıq Azərbaycan və Türkiyə diasporu erməni cinayətlərinə qarşı birgə fəaliyyətə önəm verir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

  Azərbaycan diasporu Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirib. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan soydaşlarımız tərəfindən keçirilən dinc etiraz aksiyalarından, sadəcə, biridir. Təqdirəlayiq haldır ki, son zamanlar, xüsusən, 44 günlük Vətən müharibəsindən sonra xaricdə yaşayan soydaşlarımızın aktivliyi xeyli yüksəlib. Vətən müharibəsinə qədərki dövrdə də Azərbaycan diasporu Ermənistan tərəfindən ərazilərimizin işğal faktını, xalqımıza qarşı soyqırım siyasətinin dünyada tanıdılması, reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərirdi.

Lakin bu bir həqiqətdir ki, 44 günlük müharibədə məruz qaldıqları rüsvayçı məğlubiyyət Ermənistan siyasi hakimiyyətini və erməni lobbisini daha da azğınlaşdırıb. Erməni riyakarlığı, erməni yalanları, erməni saxtakarlığı sərhəd tanımır. Azərbaycan sərhədlərində təxribatlar törətməyə cəhd edən erməni silahlıları, erməni separatçıları xaricdəki havadarlarına arxalanaraq öz çirkin əməllərini ört-basdır etməyə çalışır, daim sülh çağırışı edən Azərbaycanı haqsız yerə günahlandırmağa səy göstərirlər. Əlbəttə, erməni təxribatlarının qarşısı həm şanlı ordumuz tərəfindən alınır, eyni zamanda siyasi müstəvidə də Ermənistana tutarlı cavab verilir. Təbii ki, bu prosesdə diasporumuzun üzərinə də böyük məsuliyyət düşür. Diasporun ümdə vəzifəsi Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə görülən işlərdən biri də dinc etiraz aksiyalarının keçirilməsidir. 

Azərbaycan diasporu da bu sahədə fəaliyyətini genişləndirir. Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Azərbaycan diasporunun dinc etiraz aksiyası da Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə - dinc əhaliyə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib. Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub. Aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Aksiyada məqsəd Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub. Bu aksiyadan bir neçə gün əvvəlsə Ana Vətən Avropa Azərbaycanlıları Qadınlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanın Niderlanddakı səfirliyi önündə dinc aksiya keçirilib. Aksiyada Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, Hollandiya-Azərbaycan Evi, Hollanda Azərbaycan Türk Kültür Assosiasiyasının üzvləri və diaspor fəalları iştirak ediblər. Nümayişçilər "Ermənistan minaları mülki şəxsləri öldürür", "Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir", "Ermənistan sülh seçimini rədd edir" kimi şüarlar yazılmış plakatlarla Ermənistanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar. 

 Xaricdə yaşayan soydaşlarımızın fəallığı, Azərbaycan diasporunun məqsədyönlü fəaliyyətinin dünya azərbaycanlılarının həmrəyliyindən qaynaqlandığını deyən tarix üzrə fəlsəfə doktoru, professor Həvva Məmmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz nümunəsini xalqımız 44 günlük Vətən müharibəsində gördü: 

- Vətən müharibəsi günlərində istər Azərbaycan daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyi, mən deyərdim ki, ən yüksək zirvəyə ucaldı. Xalqın övladlarının harada yaşamalarından asılı olmayaraq ürəklərinin Azərbaycanla, Azərbaycan Ordusu, qəhrəman əsgərlərimizlə bir vurduğunu, bütün dünya azərbaycanlılarının cənab Prezidentin ətrafında bir yumruq kimi birləşdiyini hamımız gördük. Vətən müharibəsindəki qələbəmizi həm də bu amil şərtləndirdi. Qələbədən sonra isə hamımızın əsas vəzifəsi ermənilərin hələ də davam etdirdikləri yalanlarını, saxtakarlıqlarını, insanlıq əleyhinə cinayətlərini dünyaya çatdırmaqdır. Bu işdə də əsas məsuliyyət xaricdə yaşayan soydaşlarımızın üzərinə düşür. Çünki erməni diasporunu susdurmaq lazımdır. Bu işdə bizə dəstək verən, birgə əməkdaşlıqla erməni yalanlarının ifşasına kömək edən əlbəttə ki, qardaş Türkiyədir. Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Avstraliyaya səfər edib və səfər çərçivəsində Türkiyənin bu ölkədəki səfiri, Melburn şəhərindəki Baş konsul və Sidney şəhərindəki Baş konsulla görüşüb. Görüşdə məqsəd birgə əməkdaşlıqdır. Birgə əməkdaşlıq fəaliyyətinin Avstraliyada yaşayan çoxsaylı erməni icmasının törədə biləcəyi təxribatların qarşısının alınmasında, Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb, bildirilib ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə nümayəndələrinin dünyanın müxtəlif ölkələrində, xüsusən uzaq Avstraliyada sıx birlik nümayiş etdirməsi qürurvericidir. Türk diplomatları Sidneydə və digər şəhərlərdə yaşayan azərbaycanlıların ölkənin və paytaxt Kanberranın ictimai-siyasi həyatında fəallıqları ilə seçildiklərini nəzərə çatdırıblar. Bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin Avstraliyada da nümayiş etdirildiyi, icmalarımızın sıx əməkdaşlıq etdiyi vurğulanıb. Hər iki icmanın gələcək birgə fəaliyyəti barədə ətraflı müzakirələr aparılıb. Bu onu göstərir ki, Azərbaycan və Türkiyə diasporu erməni cinayətlərinə və erməni yalanlarına qarşı birgə fəaliyyətə önəm verir. Bu əməkdaşlıq sayəsində diasporumuzun gücü ikiqat artacaq.    

  H.Məmmədova qeyd etdi ki, dinc aksiyalarla yanaşı dünya ictimaiyyətinin məlumatlandırılmasında müxtəlif vasitələrdən istifadə edilir:  

- Xatırladım ki, bir müddət öncə İtaliyanın Venesiya şəhərində azərbaycanlı icması məlumatlandırıcı aksiya keçirmişdi. Aksiya Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə və ekoloji cinayətlərə diqqəti cəlb etmək məqsədi daşıyırdı. Aksiya Venesiya şəhərinin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsü və Müqəddəs Bartolomeo meydanında baş tutmuşdu. Aksiya çərçivəsində “Hər birimiz müharibə cinayətlərinin əleyhinəyik!”, “Gəncə üçün dua et!”, “Bərdə üçün dua et!” şüarlarının, Gəncə terrorunun fotosunun əks olunduğu geyimdə olan gənc soydaşlarımız yerli sakinlərə Ermənistanın bütün bəşəri dəyərlərə zidd cinayətkar əməlləri barədə məlumat verirdilər. Venesiyalılara bu məlumatların daşıyıcısı olan QR kodlu oyuncaqlar paylanmışdı. Belə aksiyalar daha çox diqqət çəkən olur. Xüsusən gənclər arasında keçiriləndə. Çünki gənclərin maraq dairəsi genişdir. Həmyaşıdının əynində müəyyən çağırışlı, şüar yazılmış geyim gördükdə diqqəti ona yönəldirlər. Bu zaman da çağırışın, şüarın məqsədiylə də maraqlanırlar.   
  H.Məmmədova bildirdi ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V qurultayında cənab Prezident diaspor təşkilatlarının qarşısında duran vəzifələri aydın izah edib. Bildirib ki, diasporumuzun qarşısında duran ən ümdə məsələ xarici ölkə ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir. Bu iş yaxın çevrədən başlamaqla, dostlar, tanışlar arasında, iş yerində, ictimai birlikdə təmsil olunurlarsa həmin müstəvidə icra edilməlidir. Azərbaycan reallıqları, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında soydaşlarımız özləri də məlumatlı olmalı və bu məlumatları əcnəbi dostlarına, həmkarlarına, yaxın-uzaq çevrələrində kimlər varsa, onlara çatdırmalıdırlar. Cənab Prezidentin dediyi kimi “tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olmalıdır”. 

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanla daim təmasdadırlar, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Bu, sevindiricidir. Cənab Prezident çıxışında vurğulamışdı ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Bu qüvvədən bacarıqla istifadə edilməlidir.