Professor:“Paşinyan sülh istəyirsə, Azərbaycanla birbaşa dialoq qursun”

“Bunun üçün hansısa ölkənin vasitəçiliyinə ehtiyac yoxdur”

“Yəni vasitəçilər işə qoşulduğu zaman proseslər uzanır. Çünki bunun arxasında bəzi ölkələrin siyasi mənfəətləri dayanır”

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirlər.
O, parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir:
“Biz çalışacağıq ki, bunu sərhədlərin delimitasiyası tamamlanana qədər başa çatdıraq”.

 Sual yaranır ki, Paşinyanın bu açıqlamasından sonra Rusiyada keçiriləcək üçtərəfli görüşdə hansısa nailiyyətlərin əldə olunacağını düşünə bilərikmi? Yoxsa bu açıqlamalar sadəcə “gözdən pərdə asaraq” sülhü ertələmək üçündür?

Paşinyanın bəyanatını “Sherg.az”a dəyərləndirən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl vurğulayıb ki, Ermənistan tərəfi belə çıxışlarla özünü təmizə çıxarmaq istəyir:

“Biz ermənilərin apardığı siyasətə baxdığımızda bunu daha yaxşı görürük. Bununla onlar “Biz sülh üçün əlimizdən gələni edirik” mesajı verməyə çalışırlar. Əgər onlar bu fikirlərində səmimidirlərsə, o zaman “Mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və anlaşmaya hazıram” deyib, bizimlə birbaşa dialoq qura bilərlər. 

Bunun üçün hansısa ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Yəni vasitəçilər işə qoşulduğu zaman proseslər uzanır. Çünki bunun arxasında bəzi ölkələrin siyasi mənfəətləri dayanır. 

Düzdür, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdur. Lakin maksimum dərəcədə bunu uzatmağa və özünə fayda əldə etməyə çalışacaq. Amma onlar varlığını sürdürmək istəyirlərsə, sülh müqaviləsini tezliklə imzalamalıdırlar. Ona görə ki, buna Ermənistanın daha çox ehtiyacı var, nəinki Azərbaycanın”.