Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.
Plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir. Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir. “Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.
Bu sayaq təlimlərin zaman-zaman keçirildiyini deyən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, bunların hamısı planlı şəkildə həyata keçirilir:
“Bu təlimlər Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xüsusi təyinatlı qruplarının yeni heyətlə təminatı və komplektləşdirilməsi baxımından çox vacibdir. Yəni bununla yeni heyətin gələcək vəzifələrinin yerinə yetirilməsinə uyğunluğu ölçülür. Təlimlərin sonunda sertifikat alan heyət isə HDQ- də xidmətə başlayacaq. Biz müharibə zamanı da HDQ-nin şəxsi heyyətinin Qubadlının azad edilməsindəki ciddi nailiyyətlərinin şahidi olmuşduq. Ümumilikdə isə təlimlər, Azərbaycan Ordusunun döyüş potensialının artırılmasında xüsusi əhəmiyyət daşıyır”.