“Fransa gedişatdan kənarda qalacaq”

“Gücün bizdə olduğunu dərk etməlidirlər" 


"Ölkələr arasında vasitəçilik niyyətini ifadə edən dövlət obyektiv və neytral olmalıdır". 
Bunu millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a açıqlamasında diqqətə çatdırıb. Onun sözlərinə görə, Praqa görüşündən sonra Azərbaycan xoş niyyətini ortaya qoyaraq, faktiki üçtərəfli görüşü dördtərəfliyə çevirməyə izin verib, lakin Fransa tərəfi təəssüf ki, buna tamamilə başqa bir reaksiya göstərib:
"Bildiyimiz kimi, məlum görüşdən sonra E.Makronun fikirləri və çıxışları Fransanın bir vasitəçi kimi prosesdə iştirakının üstündən xətt çəkib. Lakin rəsmi Paris də çox yaxşı anlayır ki, bu şəkildə davranış sərgiləməklə məhz Fransa gedişatdan təcrid ediləcək. Sözügedən proses isə yalnız rəsmi Paris yox, həmçinin dünya üçün həddindən artıq vacib məsələdir. Azərbaycanın mövqeyi isə obyektivdir. Ona görə ki, beynəlxalq qanunlar əsasında formalaşdırılıb. 
 Fransa rəhbəri cənab Prezidentimizə zəng etməyə məhkumdur. Amma dəfələrlə şahid olmuşuq ki, Fransa və Ermənistan çox maraqlı "siyasət" aparırlar. Verdikləri bəyanatlarla hərəkətləri uyğunsuzluq təşkil edir. Bu dəfə də izləyək, görək, ölkə başçımızın fransalı həmkarına dediyi sözlərdən sonra rəsmi Paris özünü vasitəçi kimi apara biləcəkmi?!"

S.Seyidovun qənaətincə, yaratdığımız reallığa müdaxilə etmək çox çətin məsələdir:
"Fransanın içərisində mövcud olan qüvvələrin qarşısında ölkə senatı və hökuməti təəssüf ki, acizdir. Şəraiti də özləri yaradıblar. Erməni lobbisini faktiki elə bir səviyyəyə yüksəldiblər ki, düşmən maraqlarını öz maraqları kimi təqdim etməyə başlayıblar. Bu, faciədir. Lakin onların problemidir. Amma ölkəmizə də təsirsiz ötüşmür. Azərbaycan xalqı hər zaman səbrli davranır. Brüssel formatının qəbul olunması və orada ən yüksək səviyyədə çalışan Avropa İttifaqının prezidenti Şarl Mişelin gördüyü işləri bəyənirik, dəstəkləyirik. Proseslərdə vasitəçilik etmək istəyirlərsə, bunu lazımi səviyyədə yerinə yetirsinlər. Əks halda gedişatdan kənarda qalacaqlar. Gücün bizdə olduğunu dərk etməlidirlər". 

Qeyd edək ki, ötənlərdə Fransa prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Fransalı lider noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib. Rəsmi Parisin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.