Ermənistan ordusunda tuthatut! – “Zabit olmaq istəyən yoxdur”

"Vətən müharibəsindən sonra Ermənistan ordusuna elə bir zərbə vuruldu ki, düşmən ölkə yaxın on ildə özünə gələ bilməyəcək".
Bunu "Sherg.az"a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanda dörd hərbçinin saxlanılmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, düşmən ölkə ordusunun silah-sursatları ələ keçirilib, hazırda Hərbi Qənimətlər parkında nümayiş etdirilir: 
"Eyni zamanda qarşı tərəfin iqtisadiyyatı da ağır durumdadır. Ölkənin silahlı qüvvələrinin mənəvi-psixoloji vəziyyəti də əsasdır. Özlərini qəhrəman ordu kimi təqdim etməyə çalışdılar, lakin yaratmaq istədikləri obraz alt-üst oldu. Ermənistan ordusunda xidmət edən zabit, gizir şəxsi heyətinin mənəviyyatı sıfır səviyyədədir. Erməni xalqı torpaqları ölkələrinin silahlı qüvvələrinin hesabına alındığını düşünürdülər. Lakin çox qısa zamanda öz yalanların fərqinə varıb, sadəcə nağıl olduğunu gördülər. Azərbaycan ordusunun gücünə bələd oldular. Belə olduğu halda, mənən sınmış zabit, gizir heyəti öz tabeliyindəki əsgərləri döyüşə necə hazırlayacaq?! Bu, mümkünsüzdür. Hər səhvlərində "dəmir yumruq" başlarına dəyir. Ermənistan ordusunda korrupsiya hallarının aşkarlanması da adi hala çevrilib. Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif vədlər verməsinə rəğmən, hərbi vəziyyət düzəlməyəcək. Baş nazir hərbçilərə mənzil, əmək haqqı artımı kimi sözlər versə də, düşmən ölkədə hərbi məktəblərə qəbul sayı xeyli azalıb. Artıq zabit olmaq istəyən yoxdur. Çünki məhvə doğru getdiklərini bilirlər”. 

E.Həsənli diqqətə çatdırıb ki, düşüncə sahibi olan kəs Ermənistan ordusunda xidmət etməz:
“Məlumdur ki, qarşı tərəf hər hansı ölkə ilə müharibə aparmaq iqtidarında deyil. Özlərinə təskinlik üçün yaratdıqları ordu sadəcə korrupsiya mənbəyi güdür. Azərbaycanla Ermənistanın ordusu isə müqayisəedilməzdir. İkinci Qarabağ savaşı da göstərdi ki, Azərbaycanın Silahlı Qüvvələri güclüdür. Xalqımız da ordunu hər zaman dəstəkləyir. Müharibə dövründə də hamı qələbə istəyirdi. Ermənistanda isə xalqla ordu arasında uçurum var. Rəhbərlik tez-tez dəyişir. Ölkə problemlər məngənəsində boğulur. Azərbaycan ordusunun Şuşada keçirdiyi əməliyyat, Vətən müharibəsində qazanılan uğurlar, müasir silahlardan istifadə edilməsi Amerika, Böyük Britaniya və dünyanın ən aparıcı akademiyalarında təhlil edilir. Rusiya-Ukrayna müharibəsində də rəsmi Kiyevin bu təcrübədən nə qədər yararlandığına şahid oluruq".


Qeyd edək ki, Ermənistanda rüşvət almaq və verməkdə təqsirli bilinən dörd hərbçi saxlanılıb. Bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər yayıb.