"Təşəbbüsü ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan irəli sürüb. Türkiyə lideri seçkilərdəki qələbə münasibətilə Benyamin Netanyahunu təbrik edib. Daha sonra isə B.Netanyahu terror aktına görə R.T.Ərdoğana başsağlığı verib".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Tofiq Abbasov "Likud" partiyasının lideri B.Netanyahunun R.T.Ərdoğana zəng etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra, 2010-cu ildən bu günə qədər olan müddətdə Türkiyənin daxili durumu xeyli dəyişib:
“Rəsmi Ankara son dərəcə yüksək səviyyədə siyasət yürüdür. Kənar qüvvələrin müdaxiləsinə imkan vermir. Artıq özü hansı ölkə ilə necə münasibət qurmalı olduğunu müəyyənləşdirir. Türkiyə-İsrail münasibətlərinin yaxınlaşmasının isə bölgəyə çox böyük təsiri olacaq. Çünki hər iki ölkə antiterrorla mübarizədə səylərini birləşdirəcək. İki tərəf də anlayır ki, soyuq müharibə sadəcə ölkələrdə itkilərin olmasına gətirib, çıxara bilər.
Bu səbəbdən yeni bir əməkdaşlıq mərhələsinə çıxmağın vaxtıdır. Azərbaycan həmçinin Türkiyə ilə qardaş ölkədir. Digər tərəfdən İsrail dövlətimizlə müttəfiq, yaxın dostdur. Bu üçbucağın çox böyük perspektivləri var. Bildiyimiz kimi, Prezident İlham Əliyev İsraildə səfirliyimizin açılması ilə bağlı qərar verib. Müvafiq sənəd imzalanıb. Diplomatik nümayəndəliyimizin də orada fəaliyyətə başlaması üçbucaq çərçivəsində imkanların genişləndirilməsinə şərait yaradacaq".
Qeyd edək ki, hazırkı zamana qədər Türkiyə və İsrail münasibətləri soyuq idi. Bütün siyasi körpülər yandırılmışdı. Lakin son dönəmlər dünyaya gətirilən yeni konfiqurasiyaların fonunda adıçəkilən ölkələr arasında loyallaşma müşahidə olunur. Ötən gün İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Türkiyəli prezidentə İstanbulda baş verən terror aktına görə başsağlığı verib.