Cənubi Azərbaycanlı alimlərimiz - İrani Mutallib Abdulla oğlu

Tibb elmləri doktoru, professor İrani Mutallib Abdulla oğlu 13 avqust 1926-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərindən 60 km. məsafədə yerləşən Şəbüstəridə kəndli ailəsində doğulub. 1931-ci ildə Gülşənroz kənd səkkkizillik məktəbinə daxil olmuş və 1939-cu ildə oranı əla qiymətlərlə başa vuraraq Təbrizə getmiş, oradakı Razi adına orta məktəbdə təhsilini davam etdirib. 1942-ci ildə natamam orta təhsilini başa vuran. M.İrani elə həmin il Təbrizdəki Firdövsi adına tam orta məktəbdə təhsilini davam etdirmiş və 1944-cü ildə oranı əla qiymətlərlə bitirmişdir.
M.İrani xalqının istimai-siyasi həyatında dah fəal iştirak etmək məqsədi ilə 1943-cü ildə İran Xalq Partiyasının gənclər təşkilatına üzv olmuşdur. 1944-cü ildə İran Həmkarlar təşkilatına daxil olmuşdur.
Uşaqlıqdan həkim olmaq arzusunu reallaşdırmaq istəyən Mütəllib 1945-ci ildə Bakı şəhərinə gələrək. Azərbaycan Dövlət Tibb İnstitunun (indi Dövlət Tibb Universiteti adlanır) “Müalicə” fakültəsinə daxil olmuş və 1950-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. 1946-cı ildə qısa müddətə Cənubi Azərbaycan qayıdan M.İrani elə həmin ildə Azərbaycan Demokrat partiyasının sıralarına daxil olmuş və Mərkəzi-təbliğat şöbəsinin müdiri təyin olunmuşdur. 
Azərbaycanın görkəmli kardioloqu, tibb elmləri doktoru, akademik Cahangir Abdullayevin təkidi ilə M.İrani 1950-ci ildə Azərbaycan Tibb İnstitutunun II Hospital terapiya kafedrasının ordinaturasına qəbul edilmişdir. Onun elmi rəhbərliyi altınada İrani M. SSRİ Ali Təhsil Nazirliyinin Ali Atestasiya Komissiyasının 5 yanvar 1956-ci il tarixli Qərarı ilə “Tibb elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür. 
Elmi fəaliyyətini davam etdirən doktor İrani tezliklə İttifaq miqyasında tanınan kardiloqlardan birinə çevrilir. Azərbaycanda və SSRİ-də dərc olunan tibbi jurnallarda elmi məqalələrlə çıxış etməklə bərabər, doktorluq dissertasiyasını da hazırlayır. 19 oktyabr 1964-cü ildə  “Xəstələrdə təzə miokard infarkt və tac damarının xroniki çatışmazlığı ilə əlaqədar antikoaqulyantların (dikumarin və pelentan) uzunmüddətli və fasiləli tətbiqi zamanı qanın laxtalanan və laxtalanmayan komponentləri sisteminin dəyişilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 36 yaşında “Tibb elmləri doktoru” adını alır. Doktoqluq işinin elmi məsləhətçisi akademik C.Abdullayev olub. Sovet vaxtında bu yaşda elmlər doktoru olmaq hər adama müyyəssər olmurdu. Ancaq həddən artıq istedadlılar bu pilləyə qalxa bilirdilər.
M.İrani Elmi-Tədqiqat Kardiologoya İnstitunun yaradıldığı ilk gündən ömrünün sonuna qədər orada çalışmışdır. 
ATU-nun kliniki farmakologiya  kafedrasının müdiri, Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru,  Tədqiqat    Kardiologiya tibb elmləri doktoru, professor Adil Baxşəliyev “Azərbaycan” qəzetində (9 sentyabr 2010, s.4) M.İrani haqqında yazmışdır: “Professor Mütəlib İrani 1 monoqrafiya və 38 elmi əsərin müəllifidir. Kardiologiya üzrə miokard infarktı və xroniki koronar çatışmazlığın antikoaqulyant müalicəsi (dikumarin, pelentan) hiper-, hipo, normotoniklərdə mövsümi dəyişiliklər mövzuları ilə bağlı araşdırmalar aparmış, miokard infarktı olan və stenokardiyalı xəstələrin antikoaqulyant-larla müalicəsi ilə məşğul olmuşdur. Alimin “Miokard infarktıvə stenokardiyası olan xəstələrdə antikoaqulyant müalicəsi” monoqrafiyası (1968-ci il) kardiloqlara ürək patologiyasında antikoaqulyantların düzgün seçilməsi, dozalanması və işlədilməsinə istiqamət verir”. 
M.İrani 4 yanvar 1982-ci ildə Bakı şəhərində vəfat edib. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev