Neokalonizmin ifşası: Azərbaycanın zülmə susmaması Paris üçün gözlənilməz oldu

Fransa Azərbaycanı bir neçə gündür iğtişaşların baş verdiyi Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilə etməkdə günahlandırır. Azərbaycanın Xarici İşlər Nazirliyi gecikmədən bəyanat yayaraq Jerald Darmananın Azərbaycana qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi “növbəti əsassız fikirləri” tamamilə rədd etdiyini vurğulayıb. 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bəri daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban, təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli "Sherg.az"a deyib ki, Azərbaycan Yeni Kaledoniya mövzusunda Fransaya açıqca neokalonist deyir:

"Düşünürəm ki, bəşəriyyət üçün ən böyük faciələrdən biri neokalonistlikdir. Azərbaycanın Yeni Kaledoniyadakı fransız zülmünə susmaması Fransa üçün gözlənilməz və arzuedilməz hal idi. Bu səbəbdən rəsmi Paris Bakını Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilə etməkdə günahlandırır. Əlbəttəki Fransanın bu iddialar absurddur. Hazırda Azərbaycan neokalonizmin ifşası və tənəzzülü uğrunda qlobal vəzifələrini, o cümlədən Bakı Təşəbbüs Qrupu öz məsuliyyətlərini icra etməkdədir".

Politoloq Turan Rzayev isə bildirib ki, Yeni Kaledoniyada iğtişaşlar əvvəlki illərdə də mütəmadi olaraq baş verirdi:

"Bu Fransanın neokalonist və imperialist siyasətinin nəticəsidir. Rəsmi Parisin Azərbaycanda separatizmə dəstək verib Yeni Kaledoniyanın müstəqilliyə qarşı çıxması onun riyakar siyasətinin göstəricisidir. Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır. Hesab edirəm, Azərbaycan parlamentinin deputatları Yeni Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir".