Azərbaycanda bu gün psixoloq müayinəsi və yardımına tələbat olduqca böyükdür. Xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar, uzun müddət depressiyada olan şəxslər dərman müalicəsi ilə yanaşı psixoterapiyadan da keçməlidirlər.
Bir çoxu sosial şəbəkədə geniş auditoriyaya sahib, efirlərə mütəxəssis kimi cəlb olunan populyar psixoloqların qəbulu isə olduqca yüksək olduğunu iddia edir.
Maraqlıdır, Azərbaycanın tanınmış psixoloqlarıın bir seanslıq qəbul qiymətləri neçiyədir və qiymət nəyə əsasən dəyişir?
“Sherg.az” sorğunu təqdim edir:
Həkim- psixoloq, psixoterapevt Elmir Əkbər deyib ki, 1 saatlıq seans 100 manatdır.
"Bir neçə il öncə də bununla bağlı məqalə dərc edilmişdi. Belə məsələlərdə kifayət qədər açıq və təvəzökar insanam. Yəni, ünsiyyətdən qaçan biri deyiləm. Təəssüf ki, həmin siyahıda çoxlu sayda dələduzlar var idi. Birincisi, psixiatrları psixoterapevt və psixoloq kimi təqdim etmişdilər. Bir sözlə, dələduzları psixoloq kimi tanıtmışdılar. Daha sonra həmin səhvə düzəliş olundu. Həmçinin, bizə müraciət edən vətəndaş digərlərində olduğu kimi təkcə psixoloji yardım yox, həm tibbi, həm də psixoloji dəstək alır. Çünki mənim ayrı-ayrılıqda ikifərqli ixtisasım var. Həm həkim Psixoterapevt ( baxın , sadəcə psixiatr deyil də Rəsmi Həkim- Psixoterapevt, həm də klinik-psixoloq )''.
Psixoloq Elnur Rüstəmov qəbulun 80 manat təşkil etdiyini vurğulayıb:
" Qiymətə həm psixoloji və aparatla dioqnastika, həm də həkim qəbulu daxildir".
Klinik psixoloq, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmovanın qəbulu isə 100 AZN-dir:
"Baş Psixoloqun qəbulu hər yaş üçün 30 AZN, Sumqayıt və Gəncədə isə 20 AZN təşkil edir. Baş loqopedin və ehtiyac olarsa, baş refleksoloqun müayinəsi də bu ödənişə daxildir".
Psixoloq Samirə Bağırova qeyd edib ki, seans qiymətləri dəyişir:
"Bir seans böyüklərə 150, şagird və tələbələrə 70, cütlüklərə isə endirimlə hər adam 75 manat təşkil edir".
Psixoloq Nizami Orucovla seansın 45 dəqiqəsi 200 manatdır:
"Seansın müddəti 1 saat olduqda da 200 manat olur. Bir sözlə, qiymətlər müddətə görə dəyişir".
Psixoloq-konsultant Zeynəb Əyyubova söyləyib ki, qəbul 1-11 və 40,11-18 yaşlı şəslər üçün 50 manat təşkil edir:
"Ailə terapiyası 70, xanımlar üçün 60 azndir. Onlayn seans isə 60 təşkil edir".
Uzman psixoloq Gülnara Muxtarovanın qəbulu və ilk seansı 70 manatdır:
"Növbəti Seanslar tək- tək (yəni hər seansa gəlindiyi zaman) ödənildiyi zaman 60manat. Paket halında bir seans 50 manatdır. Paketə ilkin olaraq 3 seans daxildir. Yəni, siz 150 manat ödəməklə 3 seans ala bilərsiniz. Daha sonra ehtiyac olduğu halda artırıla bilər. Seans müddəti sizinlə işlənən terapiyaya görə dəyişir".
Psixoloq Vəfa Əkbər-in 1 saatlıq seans isə 60 azn təşkil edir.