Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir. Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.
Son zamanlar yetkinlik yaşına çatmayan qızların özlərindəm yaşca böyük şəxslərə qaçdığını görürük. Maraqlıdır, bu halların artmasının səbəbi nədir?
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a açıqlamasında bildirib ki, Bu suallara cavab tapmaq üçübn bir neçə əsas məqama diqqət yetirmək faydalıdır:
''Evdə yetərincə qayğı, sevgi və diqqət görməyən uşaqlar bu boşluğu başqa yerdə doldurmağa çalışırlar. Bu vəziyyətdə, gənc qızların yaşca böyük kişilərə qaçması, onların sevgi və təhlükəsizlik axtarışında olduğunu göstərir. Digər tərəfdən gənc qızlar cəmiyyətdə və ya ailələrində gördükləri psixososial təzyiqlərdən qaçmağa çalışa bilərlər. Təzyiqlər, münaqişələr və zorakılıq halları bu qərarların arxasında duran əsas səbəblərdəndir. Yetkinlik dövrü özlüyündə çətin bir mərhələdir. Bu dövrdə gənclər özlərini başa düşmək və həyatlarına istiqamət vermək üçün fərqli yollar axtarırlar. Sözügedən dövrün gətirdiyi emosional dəyişikliklər və qərarsızlıqlar da bu qərarlara səbəb ola bilər. Bunun üçün gənclərin yetkinlik dövründə təhsil və maarifləndirmə ilə dəstəklənməsi onların doğru qərarlar vermələrinə kömək olacaq. Yəni yetərli cinsi təhsil və psixoloji dəstək gənclərin təhlükəli vəziyyətlərdən qaçınmasına dəstəkləyəcək. Psixoloq olaraq, valideynlərə və ailələrə tövsiyə etmək lazımdır ki, uşaqlarına daha çox diqqət yetirsinlər, onları dinləyərək emosional və psixoloji ehtiyaclarını qarşılasınlar. Valideynlər uşaqlarının duyğularına və düşüncələrinə hörmətlə yanaşmalı və onları dinləyərək sevgi və dəstəklərini göstərməlidirlər''.