“Araz” supermarketində qurdlamış xurma satılır.
Bu barədə Bakupost.az - a marketdə alış-veriş edən alıcı bildirib.
Onun sözlərinə görə, 20-ci sahə dairəsi yaxınlığındakı "Araz" supermarketdə məhsulu 2.99 AZN-ə alıb evə apardıqdan sonra şübhələnib və xurma dənələrini bir-bir yoxlamağa başlayıb.
Alıcı qeyd edib ki, xurmalarda gözlə aydın seçilən ağ qurdlar aşkar edib. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.
Məsələ ilə bağlı “Araz” supermarketinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ümidə Həsənova ilə əlaqə saxladıq.
O, məsələ ilə bağlı araşdırma aparılacağını və lazım gələrsə, həmin məhsulun satışdan yığışdırılacağını bildirdi.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, istənilən mal firmadan və yaxud təsərrüfatdan istehlakçıya çatdırılana kimi soyuq zəncir üzərində olmalıdır:
“Qida Təhülkəsizliyi Agentliyinin əsas funksiyalarından biri bu soyuq zənciri təmin etməkdir. İstənilən mal istehsal yerindən istehlakçıya çatana qədər çoxlu risk nöqtələrindən keçir. O zəncirin hər hansı bir yerində çirklənmə baş verə bilər. Hər bir ərzaq məhsulunda qurdlanma xüsusiyyəti mövcuddur. Hətta qarı bir neçə il üst üstə yığan zaman qurdlandığı barədə fikir var. Bu artıq malın sıradan çıxması deməkdir. Əgər market şəbəkəsində belə bir mal müşahidə edilibsə, həmin mal satılmamalıdır. Yəqin zəncirin hansısa bir yerində çirklənmiş, istiyə məruz qalmış və yaxud istifadə müddəti çoxdan keçmiş maldır. Gərək Araz market belə hadisələrə yol verməsin. Marketlərdə digər ciddi problem istehlakçıların aldadılmasından ibarətdir. Ümumiyyətlə marketlərdə problemləe çox olsa da, dövlət orqanları müdaxilə etmir. Yəni marketlərdə böyük anarxiya baş verir. İstehlakçıların aldadılması, yüksək qiymət qoyulması və mal gətirənlərin incidilməsi kimi bir çox hallar mövcuddur. Təssüflər olsun ki, marketlər üçün heç bir qayda yoxdur və bundan sui-istifadə edirlər. Araz market şəbəkəsi bu barədə müəyyən işlər görməlidir. Mal partiyası çıxarılıb məhv edilməlidir. Qida Təhlükəsizliyi Agentliyinə bu barədə məlumat verilməsini tövsiyyə edirəm”.