Psixoloq: 10 valideyindən 5-i uşağıyla vaxt keçirmir

Sosial şəbəkələrdə azyaşlının qeyri-adekvat hərəkətləri narazılığa səbəb olub.
Belə ki, yaşına uyğun olmayan davranışlar nümayiş etdirən oğlan əlində bıçaq tutaraq müxtəlif təhlükəli hərəkətlər edib.
Videonu isə valideynlərindən biri lentə alıb.
Psixoloq Aygün Ağabalayeva bildirib ki, valideynlər övladlarının sosial şəbəkələrdə izlədiyi videolara və dinlədiyi musiqilərə nəzarət etməlidirlər. Əks halda laqeydlik gələcəkdə övladının cinayət törətməsi ilə nəticələnə bilər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sosial şəbəkələrdə yayılan xoşagəlməz video ilə bağlı araşdırma aparılacaq.

Psixoloq Məmləkət Məmmədova “Sherg.az”a bildirib ki, bir ailədə ata ilə ananın münasibəti yaxşıdırsa, bir birinə sevgiləri, hörməti varsa, o ailədə xoşbəxt və tərbiyəli övladlar yetişəcək:

“Çünki bir övladın 3 valideyni var. Ata, ana və ata ilə ananın biri-birinə olan münasibəti. Bu isə ailədə böyük əhəmiyyət daşıyır. Ailədə ata və ana bir-birinə hörmətlə yanaşmaması, diqqət yetirməməsi və sevgi bağlarının olmaması o ailədə böyüyən uşağa da təsir göstərir. Həmin uşaq nəinki cəmiyyətə, hətta ailəsinə qarşı da xoşagəlməz hərəkətlər etməyə başlayır. Hər bir uşağın içərisində sevgi qabı var və o sevgi qabı dolmalıdır. Bu ilk öncə ata ilə ananın arasında olan münasibətdir,. Əgər bir uşaq təməldən sevgi, qayğı ilə böyüyürsə, ətrafına da sevgi və qayğı verəcək. İndiki dövrdə ata ilə ananın başı o qədər həyat qayğılarına, problemlərə, sosial şəbəkələrə qarışıb ki, uşaqlarını harasa aparmağı və gəzdirməyi özləri üçün böyük bir əziyyət hesab edirlər. Ancaq əslində bu belə deyil. Bir övlad üçün ən gözəl zaman ata və ana ilə vaxt keçirməkdir. İndiki dövrdə 10 valideyindən 5-dən uşağıyla necə vaxt keçirdiyini soruşduqda cavab verə bilmir. Keçirtdikləri zaman isə sadəcə uşağı hər hansı əyləncə yerinə aparmaqdan ibarətdir. Ancaq vaxt keçirmək bu tərzdə olmur. Uşaqların hər birinə bir şəxsiyyət kimi yanaşılmalıdır. Onun düşüncə və seçimlərinə hörmət edilməlidir. Bu o demək deyil ki, uşağın hər istədiyinə hə deməliyik. Sadəcə bəzi önəmli qərarlar var ki, o zaman uşaqlardanda soruşmaq lazımdır. Bu zaman uşaq özünü bir şəxsiyyət kimi qəbul edir. Yəni ona hörmətlə yanaşıldığını görən uşaq da ətrafındakılara hörmətlə yanaşaraq düşüncə və fikirlərinə əhəmiyyət verir. Artıq uşaq dərk edir ki, valideyn onun üçün doğru seçim və doğru qərar verir".

 Psixoloq əlavə edib ki, övladlarımız ilə dost olmağı bacarmalıyıq:
"Bu o demək deyil ki, dərdlərimizi və problemlərimizi onlara danışmalıyıq. Sadəcə olaraq onlara göstərməliyik ki, nə olursa, biz sizin yanınızdayıq və siz bizə hər bir şeyi gəlib danışa bilərsiniz. İndiki dövrdə elə uşaqlar var ki, onlar kiçik bir səhv etsələr belə gizlətməyə üstünlük verirlər. Çünki danlanacam, pis söz deyiləcək və məni başa düşməyəcəklər kimi fikir formalaşır. Digər tərəfdən əsas faktorlardan biridə sosial şəbəkələr və uşaqlarımızın oynadığı oyunlardır. Onların baxdıqları və izlədiklərinin hər biri də önəm daşıyır. Uşaqları qısıtlamadan, sərhədlər qoymadan izləməyə icazə verməliyik. Sadəcə baxmalıyıq ki, övladımız nəyə baxır, necə inkişaf edir”.