Paşinyan istefasını heç kimlə müzakirə etməyəcək - Xandanyan

Ermənistanın baş naziri və “Mülki müqavilə” partiyası hökumət başçısının istefası məsələsini heç kimlə müzakirə etmək fikrində deyil. Heç kim hökumətin legitimliyini şübhə altına ala bilməz.
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan deyib.
O deyib ki, bu məsələ müzakirə mövzusu ola bilməz. Deputat xatırladıb ki, Ermənistan vətəndaşları 2021-ci ildə seçkilər yolu ilə hökuməti təyin edən parlament formalaşdırıb və onun rəhbəri var.
Deputat əmin olduğunu bildirib ki, Ermənistanda hakimiyyəti yalnız demokratik, qanuni yolla - 2026-cı ildə keçiriləcək seçkilərlə dəyişdirmək olar.
Xandanyan bildirib ki, Ermənistanın baş naziri ilə tez-tez görüşlər keçirilir. Lakin Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatı ilə bağlı müzakirələr aparılmayıb.
“Mən düşünmürəm ki, görüş (Baqrat Qalstanyanla – red.) üçün gündəlik var. O, hansı məsələ ətrafında olmalıdır? Hakim partiyaya belə bir təklif daxil olmayıb”, - Komissiya rəhbəri vurğulayıb.
O, əmin edib ki, həm hakim partiya, həm də partiya fraksiyası açıqdır.
“Bu günlərdə partiyanın iclası keçirildi. Bu, baş nazirin siyasi komanda ilə əlaqəsinin aktiv olduğunu göstərir. Nə ilə bağlı narahatlıq olmalıdır? Son 3-4 ildir ki, isti bahar fonunda müxalifət eyni şəxslər və müxtəlif liderlərlə ölkə daxilində müxtəlif proseslər yaratmağa çalışır ki, bu da uğurla nəticələnmir”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, buna səbəb bu proseslərin siyasi məzmun daşımaması, vətəndaşlara alternativin təklif edilməməsidir.
“Bu arada hakim qüvvə prosesləri çox aydın və şəffaf şəkildə təqdim edir. Xüsusən də müzakirələr təhlükəsizlik və xarici siyasətlə bağlı olanda. Hakimiyyət həm çətinlikləri, həm çağırışları, həm də onların həlli yollarını ictimaiyyətə təqdim edir. Görünür, siyasi sahədə bunun alternativi yoxdur”, - deyə Sarkis Xandanyan fikrini yekunlaşdırıb.