Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı, işğaldan azad olunan ərazilərimizdə Rusiya şirkətləri üçün investisiya potensialı, iki ölkənin həyata keçirdiyi qlobal xarakterli meqalayihələr Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Rusiya-Azərbaycan adlı dəyirmi masada müzakirəyə çıxarılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, "Rusiya-İslam Dünyası. 2024" Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Həştərxan qubernatoru İqor Babuşkin, Azərbaycan və Rusiyadan olan digər rəsmilər iştirak ediblər.
Tədbirdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən birgə layihələr, Azərbaycan və Rusiyanın birgə beynəlxalq iqtisadi-nəqliyyat dəhlizləri layihələrində iştirakı və digər gündəmdə duran iqtisadi əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Azərbaycan və Rusiya Rusiyadan kiçik və orta biznesi cəlb etmək üçün Sumqayıt Kimya Sənaye Parkında birgə layihənin yaradılması barədə razılığa gəlib. Bu məqsədlə "Ximqrad"la Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyi arasında saziş imzalanıb.
"Ximqrad"ın baş direktoru Ayrat Qizzatullinin sözlərinə görə, layihə çərçivəsində Azərbaycan tərəfi mühəndis-nəqliyyat infrastrukturunu təmin etməyi, hazır istehsalat binalarının tikintisini və maksimum güzəştli şərtlər toplusunu təmin etməyi öhdəsinə götürüb.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, ötən il Rusiya şirkətləri respublika iqtisadiyyatına 50 milyard rubldan çox investisiya yatırıblar. Bu gün Azərbaycanda Rusiya kapitallı 1200-dən çox şirkət fəaliyyət göstərir: “Biz çox şadıq ki, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər hər il inkişaf edir. Prezidentlərimiz, hökumətlərimiz bu istiqamətə çox böyük diqqət ayırırlar və bu diqqət öz nəticəsini verir. Azərbaycandan Rusiyaya qeyri-xammal məhsullarının çeşidinin və həcminin nə qədər artdığını görürük. Rusiyanın regionları daha çox Azərbaycanla maraqlanır və yeni birgə müəssisələr yaradılır. Azərbaycan və Rusiya arasında əməkdaşlığın perspektivli sahəsi gəmiqayırma sahəsidir və bu sahədə Bakı Gəmiqayırma Zavodu və Həştərxan gəmiqayırma zavodları birgə layihələr həyata keçirə bilərlər”.
Dəyirmi masada işğaldan azad olunmuş ərazilərdə iş potensialının böyük olduğu qeyd olunub. Bildirilib ki, Sovet hakimiyyəti illərində həmin ərazilərdə iqtisadiyyatın dirçəldilməsi və inkişafı vacib olan mühüm sahələri fəaliyyət göstərib. Eyni zamanda, Azərbaycanda marketpleyslərin inkişafının böyük potensialının olduğu da vurğulanıb. Yaxın vaxtlarda Rusiyanın ən böyük marketpleyslərindən biri olan "Wildberries" Azərbaycan bazarına daxil olacağı barədə məlumat verilib.
Kazan Forumu çərçivəsində keçirilən Halal-Ekspoda Azərbaycan məhsullarından ibarət sərgi də açılıb. "Made in Azerbaijan" brendi altında məhsullar Kazan forumunun iştirakçılarına təqdim olunub.