Parisin regiondakı planları pozuldu -ŞƏRH

Fransa imperialist və kolonist siyasətini Cənubi Qafqazda da həyata keçirməyə çalışırdı


Fransanın müstəmləkəsi Yeni Kaledoniyada vəziyyət çox gərgin olaraq qalır. Talanlar, iğtişaşlar, yanğınlar və hücumlar davam edir. Fransa dövlətinin kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli niyyəti mövcud vəziyyətin pisləşməsinə səbəb olub. 
Fransa hökuməti də  Sakit okeandakı Yeni Kaledoniya adasına fövqalədə vəziyyət elan edərək əraziyə əlavə polis qüvvələri və  hərbçilər göndərib.
Seçki islahatından narazı olan yerli xalq bir neçə gün dalbadal müəssisələrə hücum edib, avtomobilləri yandırıb, mağazaları qarət edib, yol barrikadaları qurublar.
Qeyd edək ki, Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib. Bundan sonra etirazlar başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.
Bir sözlə dünyaya “demokratiya” və “azadlıq” dərsi keçən Fransa prezidenti Makron və komandası yerli əhalinin maraqlarını nəzərə almır və onların “onsuz da məhdud qalmış hüquqlarını” pozan qanun layihələri qəbul edir.
Bu da azmış kimi Fransa daxili işlər naziri  Yeni Kaledoniya baş verən aksiyalara görə Azərbaycanı ittiham edir. Nazir “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” və arxipelaqdakı müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini iddia edib. Azərbaycan guya adada bu ölkənin əleyhinə təbliğat aparır.  Halbuki Azərbaycanın etirazçıları maliyyələşdirməsi və ya silahla təmin etməsi ilə bağlı heç bir fakt yoxdur.  Nümayəndələri Bakıdan xəbərsiz Qarabağa səfər edən Fransa hökumətindən fərqli olaraq. Amma işlərini bilirlər axı. Azərbaycana qarşı erməni separatçılığını dəstəkləyən,  işğalçı Ermənistanı silahlandırmaqda dəridən-qabıqdan çıxan Fransa, qazdığı quyuya özü düşüb. Yeni Kaledoniya xalqı kolonial Fransaya qarşı üsyana qalxıb. Neokolonial siyasətinin perspektivsizliyini, yerli xalqların hüquq və haqlarını tapdaladığını anlamaq yerinə, rəsmi Paris yerli sakinlərin etirazını kənar dairələrdə axtarır, bununla da, özünü gülünc vəziyyətə salır. 
Rəsmi Bakının Darmaninin əsassız iddialarına cavabı da məhz bunu ehtiva edir. Azərbaycan XİN Fransanın daxili işlər nazirinə Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməyi məsləhət görüb. Darmaninə öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsi, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirməsi tarixi xatırladılıb. 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Azərbaycana qarşı çirkin və əsassız iddialar səsləndirmək yolverilməzdir. Politoloq “Sherg.az”a açıqlamasında deyib ki, belə yanaşmalar bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır: 
“Fransa yeni Kaledoniyada aparteid siyasət  həyata keçirib, yerli xalqların təməl hüquqlarını və azadlıqlarını pozur. Kanak xalqı isə yekdilliklə müstəqil olmağı tələb edir. 21-ci əsrdə, dünyanın gözü qarşısında Yeni Kaledoniyada neokolonial siyasət yerdiən  Fransanın bu addımı qəbuledilməz bir haldır.   Azərbaycan neokolonializmə qarşı mübarizəyə dəstək verən ölkə kimi prosesləri yaxından izləyir.  O cümlədən də Azərbaycanın rəhbərlik etdiyi Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığı pisləyir.  
Fransa dənizaşırı adlandırdığı ərazilərdəki imperialist və kolonist siyasətini Cənubi Qafqazda da həyata keçirməyə çalışırdı. Onun separatçıları dəstəkləməsi, Ermənistanı silahlandırması, regionda sülh və təhlükəsizliyi təhdid edən çağırışları da məhz bu məqsədə  xidmət edirdi. Lakin Azərbaycan ordusunun gücü və ölkə prezidentinin uzaqgörən siyasəti rəsmi Parisin planlarını pozdu. Bu səbəbdən də  rəsmi Paris Yeni Kaledoniyada baş verən etirazların arxasında Azərbaycanın dayanması,  “separatçılarla” əlbir olması kimi böhtanlar yayır”. 

M. Əsədullanın sözlərinə görə, beynəlxalq sülh  və insan haqları təşkilatları Fransanın neokolonist addımlarına reaksiya verməli, ən azından belə bir ölkədə Olimpiya Oyunlarının keçirilməsinə etiraz etməlidr:
"Fransa 21-ci əsrdə  müstəmləkəçiliyi, irqçiliyə, imperializmi və  neokolonizmi ən sistemli şəkildə tətbiq edən ölkələrdən biridir. Fransanın müsləmləkəçisi olan dövlətlərin sadəcə adı var. Çünki hər şeyləri Fransanın nəzarəti altındadır. Demək olar ki, Afrikanın bütün təbii sərvətləri Fransaya axın olunur və Afrika xalqının heç biri ondan qazanc kimi istifadə etmir. Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Fransanın Əlcəzairdə törətdiyi  soyqırımda  5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Belə bir ölkənin demokratiyadan və insan haqqlarından danışması Olimpiya oyunları kimi beynəlxalq tədbirə ev sahibliyi etməsi abdurddur. Çünki Olimpiya Oyunları  sülhün və bərabərliyin rəmzidir. Sülhə qarşı çıxan, müstəmləkə aldında saxladığı adaların, ölkələrin yerli xalqlarının azadlığını boğan bir ölkədə Olimpiya oyunlarının həyata keçirilməsi qəbuledilməzdir”.