Məqsəd qazanc əldə etmək deyil
Yavaş-yavaş insanları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici videoçarxlar hazırlamaq lazım idi
"Zamana ehtiyac var, 10 illərlə insanlarda formalaşmış bir ənənəni bir günün içində dəyişdirmək mümkün deyil"
Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdə ödənişli olacaq.
Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Market şəbəkələri onlara belə məktub göndərildiyini və hazırda pərakəndə satış sektorunun bununla bağlı hazırlıqlara başladığını bildiriblər. Məlum olub ki, şirkətlərə fevralın 15-dək vaxt verilib və tapşırılıb ki, bununla bağlı hazırlıq görülsün. Polietilen torbaların satış qiymətlərinə gəlincə, bununla bağlı vahid məbləğ müəyyən olunmayıb. Bunu hər şirkət özü təyin edəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Şərq”ə açıqlamasında deyib ki, selofan torbaların qiymətinin dövlət tərəfindən təyin olunma mexanizmi mövcud olmadığı üçün biz marketlərdə müxtəlif qiymətlər görəcəyik:
“Amma bir məsələ var ki, sözügedən qərarla bağlı niyyət bəllidir. Uzun müddətdir dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir. Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Yəni polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil. Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Ancaq burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin. Ona görə də Azərbaycan bu torbaların ödənişli satışına keçməzdən əvvəl bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalı idi. 10 illərlə insanlarda formalaşmış bir ənənəni bir günün içində dəyişdirmək mümkün deyil.
Yavaş-yavaş insanları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici videoçarxlar hazırlamaq lazım idi. Məsələn, Avropa ölkələrində müxtəlif aksiyalar həyata keçirilir. Məsələn, bir müddət iri marketlərin qarşısında pulsuz parça torbalar paylanılır. Bizdə də belə aksiyaların təşkilinə ehtiyac var.
Lakin polietilen torbalara alternativ üçün mağazalar öz xərclərini artırmaq istəmirlər. Heç olmasa, dövlətin dəstəyi, müəyyən vergi güzəştləri ilə iri şirkətlər bu cür kampaniyalar keçirə bilərdi”.
Bu torbaların 5-10 qəpik civarında satılacağını vurğulayan ekspert hesab edir ki, məbləğ bir o qədər böyük olmadığı üçün bu yolla insanların polietilen torbalardan istifadəsini azaltmaq real görünmür. 5 qəpiyə görə heç kəs marketə cibində torbayla gəlməyəcək. Təşviq addımları atılmalıdır ki, insanların buna münasibəti dəyişsin.