“Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var”.
Bu sözləri “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübə” mövzusunda keçirilən dəyirmi masada “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB-nin icraçı direktoru Əliməmməd Nuriyev deyib.
Evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edildiyini vurğulayan Ə.Nuriyev hesab edir ki, bu gün ömrünün məhsuldar dövrünü evdar qadın kimi keçirən, cəmiyyət üçün övladlar böyüdən qadınlar boşandıqda, yaxud fors-major hallar ilə üzləşdikdə sosial cəhətdən tamamilə müdafiəsiz vəziyyətdə qalırlar:
“Bir qayda olaraq ailənin mənzili, evi evlilik rəsmiləşənə qədər əldə edilir, yaxud kişinin valideynlərinin sərəncamında olur. Qadın əmlaka iddia edə bilmir, uzun illər evdar qadın kimi fəaliyyəti isə onun əlverişli iş tapmasını çətinləşdirir, pensiyaya çıxdıqda isə yalnız yaşa görə pensiyaya ümid edə bilir. Nikah müqaviləsi bağlanması halları isə çox azdır. Hökumət bu real problemləri nəzərdən keçirməli və çıxış yolları tapmalıdır”.
Tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB-nin icraçı direktoru Əliməmməd Nuriyev təşkilatın və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB-nin Avropa İttifaqı və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) dəstəyi ilə icra etdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insan hüquqlarının monitorinqi və müdafiəsi” layihəsi barədə məlumat verib.
Layihə əlaqələndiricisi Zaur İbrahimli görülmüş işlərdən söz açıb. Layihə çərçivəsində qadınlara göstərilmiş hüquqi yardım barədə məlumat verib.