Zəlzələ həyəcanı, köhnə binaların taleyi gündəmdədir

Memar Cahid Həsənov: “Bakıda göydələnlər yox, sovetdən qalma “Xuruşovka” və “Stalinka”lar daha risklidir”


Dünyanın zəlzələ ocaqlarında aktivlik müşahidə edilir.
Xüsusən də bizə yaxın olan region ölkələrində yeraltı təkanların sayı və  gücü artıb. İrandakı 4.5 bal gücündəki zəlzələdən sonra qardaş Türkiyə, Suriyada bir-birinin ardınca zəlzələlər baş verir.
  Türkiyədə 7.4 bal gücündəki zəlzələ binalarda və yaşayış obyektlərində dağıntılarla nəticələnib.Yayılan məlumatlarda əsasən köhnə binaların  uçduğu qeyd olunub. 
  Qeyd edək ki, bu qədər  güclü olmasa da ölkəmizdə  zaman-zaman güclü və zəif zəlzələlər olur. Qardaş ölkədəki təbii fəlakətdən təşvişə düşən insanlar  sosial şəbəkələrdə “Bizim yeni tikililər  heç 5 bal gücündəki  zəlzələyə belə  dözməz” kimi paylaşımlar ediblər. 
  Eyni zamanda Bakıdakı köhnə binaların taleyi də  gündəmə gəlib. Son illər onlardan bəziləri sökülsə də, böyük əksəriyyətində hələ də yaşayış davam edir.
  Ekspertlər isə bəyan edib ki, binanın nə dərəcədə zəlzələyə davamlı olub olmamasını müəyyən etmək üçün onun tikinti texnologiyasına baxmaq lazımdır.
Adətən təməli möhkəm qoyulmayan, zəlzələ dayanıqlığı nəzərə alınmayan binalar yerlə-yeksan olur. 

Memar Cahid Həsənov “Şərq”ə açıqlamasında deyib ki, Bakıdakı göydələnlər yox, sovetdən qalma “Xuruşovka” və “Stalinka”lar daha risklidir.

Onun sözlərinə görə, yeni tikilən çoxmərtəbəli binalarda hər hansı təbii fəlakətin qarşısının alınması məqsədilə pərçimləmə işləri həyata keçirilir. Daha sonra çalalar qazılır və bünövrə altları hazırlanır və üst mərtəbələr tikilir: “Xüsusən də Fövqəladə Hallar Nazirliyi yaranandan sonra  tətbiq edilən qaydalar, verilən sərəncamlarda əks olunan tikinti qaydaları təbii fəlakətlərə davamlıdır. Hər bir binanın tikintisi zamanı FHN tərəfindən əvvəlcədən yoxlamalar keçirilir. Yoxlamalar zamanı ərazinin geoseysmik göstəriciləri də mütləq şəkildə nəzərə alınır. Ərazinin seysmik göstəricilərinə uyğun olaraq, layihə icraçısı qarşısında tələblər qoyulur. 
  Amma elə binalar var ki, MTK-lar sənəddə əks olunan qaydalardan kənara çıxıb, keyfiyyətsiz tikinti materiallarından istifadə edib. Bu halda onun dözümlülüyünə zəmanət yoxdur. Ancaq belə binaların da sayı çox az olar. Əksər binaların tikintisi zamanı  tətbiq edilən normativlər ölkəmizdəki binaların zəlzələyə davamlılığını həyata keçirir. Yeni tikililər təxminən 8-9 bal gücündə zəlzələyə davamlıdır.
Binaların zəlzələ və digər təbii fəlakətlərə davamlı olması məqsədilə tikintiyə təsdiq edilmiş layihə əsasında başlanılır. Bu zaman layihədə normativlər göstərilir və iş bu şəkildə icra edilir”.
  C.Həsənovun sözlərinə görə, qardaş ölkədə yaşanan fəlakət zamanı yeni çoxmərtəbəli binanın bir anda dağılmasına səbəb texniki şərtlərin nəzərə alınmaması ola bilər: “Çoxmərtəbəli binanın o hala düşməsi lap faciədir. Dar sütunların qoyulması, konstruktiv möhkəmliyin zəif olması nəticəsində binalar təbii fəlakətə tab gətirə bilmir. Vaxtilə İrana, Türkiyəyə gedəndə tikililəri müşahidə edirdim. Bu ölkələrdəki tikililərdə seysmik şərtlərin nəzərə alındığını görmədim. Amma Azərbaycanda bunu görə bilirik. Bu gün Azərbaycan yeni tikilən binalarda standartların nəzərə alınması baxımından digər ölkələrdən öndədir. Bir memar olaraq məni narahat edən köhnə binaların taleyidir. Sovet dövründə inşa edilən 3-4 mərtəbəli binalar var ki, hamısının istismar müddəti  başa çatıb. Eyni zamanda sovetin tənəzzülünə yaxın 9 mərtəbəli  binalar  tikildi. Onların istismar müddəti başa çatmasa da, təbii fəlakətə davamlılığına zəmanət yoxdur. Binalar möhkəm  tikilsə belə sonradan edilən  artırmalar binaları çox yükləyib. Xüsusən də yuxarı mərtəbələrdə edilən artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır. Onsuz da istismar müddəti bitmiş binalar, bu artırmalara uyğun olaraq əyilir. Yəni təbii fəlakətlər zamanı da risk qrupuna aid olur.  Yaxşı ki  hazırda “Xruşşovka”ların sökülməsi, tədricən yeni binalarla əvəz olunması prosesi gedir. Digər köhnə binaların da növbəti dövrlərdə sökülüb yerində yeni binaların tikilməsi, yaxud parkların salınması işi sürətləndirilsə, çox yaxşı olardı. Dediyim kimi, təhlükə anında köhnə binalar texnoloji baxımdan standartlara cavab vermir”.

  Zəlzələdən, o cümlədən digər təbii fəlakətlərdən heç bir ölkənin sığortalanmadığını vurğulayan memarın tikinti şirkətlərinə tövsiyəsinə görə, layihə hazırlanarkən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara əməl edilməlidir: “Regionlarımıza da nəzər yetirsək, orada da tikilən binaların texniki baxımdan möhkəmliyinə dövlət qurumları tərəfindən nəzarət edilir. Amma fərdi yaşayış evlərinin tikintisinə də ciddi nəzarət olmalıdır. Bir, yaxud ikimərtəbəli şəxsi yaşayış evi tikilirsə, standartlar nəzərə alınmalıdır. Ucuz başa gəlsin deyə konstruksiya baxımından texniki şərtləri ixtisara salmaq belə, fəsadlara gətirib çıxara bilər.  Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Ona görə də ictimaiyyətə çağırış edirəm ki, yaşayış evləri tikərkən bir qədər xərc çəkib memarlıq-konstruksiya baxımından texniki şərtləri yerinə yetirsinlər,  fəsadlar olmasın. Hər nə qədər  mütəxəssislər ehtimal verməsə də, dünya xəritəsində Azərbaycan da seysmik  zona hesab olunur. Türkiyədə dağılan binalara baxıram, 16-lıq armaturların yerinə 12-lik qoyublar.  Halbuki xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır. Bəzi şirkətlərin tamahı güc gəlir, artıq qazanmaq üçün zəlzələ zonası üçün tələb olunan normativləri gözardı edir. Halbuki bu cür fəlakətlər göstərir ki, insan həyatının maddi dəyəri yoxdur”.