Akademik: “Türkiyənin zəlzələ baş verən regionunda davamlı olaraq enerji toplandığı tədqiqatlardan da bəlli idi”
“Belə dəhşətli zəlzələnin olacağı ehtimal edilirdi”
“Son illərdə yerin aktivliyinin artmasına səbəb Qırmızı dənizin dibində aralanmanın baş verməsidir”
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminar keçirilib.
Seminarda çıxış edən akademik Fəxrəddin Qədirov deyib ki, Türkiyənin zəlzələ baş verən regionunda davamlı olaraq enerji toplandığı tədqiqatlardan da bəlli idi. Lakin baş verən zəlzələ ilə həmin enerjinin çox hissəsi ayrılmış oldu. İndi də çoxlu sayda təkanlar müşahidə olunur ki, bu da enerjinin davamlı ayrılması baxımından müsbət haldır. Demək, proses sönməyə doğru gedir. Bu tənzimləmə prosesi bir-iki ay da davam edə bilər.
Son 20 ildə yerdə ciddi aktivliyin müşahidə olunduğunu vurğulayan akademikin sözlərinə görə, Afrika piltəsinin aktivləşməsi Ərəb piltəsinin də aktivləşməsinə səbəb olub: “Nəticədə də bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. Düzdür, zəlzələnin baş verəcəyi vaxtı proqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb piltəsindəki aktivləşmənin nəticəsi idi”.
F.Qədirovun sözlərinə görə, son illərdə yerin aktivliyinin artmasına səbəb Qırmızı dənizin dibində aralanmanın baş verməsidir: “Aralıq dənizi və Qafqaz bölgəsinə baxsaq görərik ki, burada bir çox piltələr mövcuddur. Onlar Avrasiya, Anadolu, Ərəbistan və Afrika piltələridir. Bu piltələr bir-biri ilə qarşılıqlı təsirdədir. Biz uzun müddət Türkiyə, Amerika, Azərbaycan, İran, Ərəbistanda tədqiqatlar aparmışıq. Piltə tektonikası nöqteyi-nəzərdən hansı proseslərin getdiyini araşdırmışıq. Nəticədə qlobal olaraq bu ərazinin hazırkı geodinamik şəraitinin necə olduğunu araşdırmışıq.
Geodinamik nöqteyi-nəzərdən baxsaq görərik ki, son illərdə yerin aktivliyi artıb. Bunun da səbəbini alimlər müxtəlif proseslərdə görürlər. Əsas təsir edən proses Qırmızı dənizin dibində aralanmanın baş verməsidir. Bunun nəticəsində Ərəbistan piltəsinin alt hissəsi daha sürətlə hərəkət edir. Bu hərəkət nəticəsində saat əqrəbinin əksi istiqamətində dönməyə və irəliləməyə çalışır. Bu dönmə və irəliləmə prosesi Kahramanmaraşdakı zəlzələ zonasının yaxınlığında olub. Proses nəticəsində yeni qırılma əmələ gəlib, zəlzələ kimi müşahidə edilib. Birinci qırılmadan sonra böyük bir kütlə 3 metr hərəkət edib, ardınca ikinci qırılma olub. Bu zaman Anadolu piltəsi də cənuba doğru hərəkət edib.
Bu, uzun illər idi ki, gözlənilirdi. Belə bir katastrofik zəlzələnin olacağı ehtimal edilirdi”.
Akademik həmçinin qeyd edib ki, Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı ehtimal yanlışdır, bu, mümkün deyil. Onun sözlərinə görə, Günəşin, Ayın hərəkətinin Yerdə katastrofik hərəkətlərə səbəb olması ehtimalı da var, amma bunlar elmdə qəbul olunmur: “Yəni belə güclü zəlzələnin başvermə səbəbi kimi səsləndirilən bu cür fikirlərin heç bir elmi əsası yoxdur”.