Türkiyəyə dəymiş ziyan 100 milyard dolları ötəcək

Zəlzələ bölgəsində 7 min bina sadəcə tam dağılandır


  Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkənin 10 vilayətində böyük dağıntılar törədib. Türkiyə mediasında yayılan statistik məlumatlara görə, zəlzələ ərazilərində toplam 13.5 milyon insan yaşayır. Bu isə  ölkə əhalisinin 15.7 faizi deməkdir. Dağıntılar nəticəsində minlərlə insan həyatını itirib. Dağılan bina sayı da minlərcədir. On minlərlə sakin çöküntülərin altında qalıb. Yaşanan humanitar faciəyə biganə qalınmayıb və 40-dan çox ölkə Türkiyəyə canlı qüvvə və yardım göndərib. Dağıntının miqyası böyükdür, yalnız yaşayış binaları deyil, xəstəxana və məktəblər, ictimai tikililər, yol və nəqliyyat infrastrukturları, iş yerləri də dağılıb.
  Baş verən fəlakət təkcə insan itkiləri deyil, ciddi iqtisadi itkilər də doğurub. Ekspertlərin fikrincə, zəlzələnin ölkə iqtisadiyyatına təsirinin tam aradan qaldırılması illər çəkəcək. Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi dəyərində büdcə ayırıb. Bu, təxminən 9 milyard manat vəsait deməkdir. Bölgədə dağıntılar və qurtarma işləri hələ də sürdüyündən dəyən zərərin tam hesablanması indilik mümkün görünmür. 
  Dəhşətli zəlzələnin istehsalın artım tempinin ləngidəcəyi, eləcə də milyardlarla lirə yenidənqurma xərcləri yaradacağı da istisna edilmir. 
  Qeyd edək ki, qlobal kredit reytinqi agentliyi Fitch Ratings, Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığortalanmamış zərəri ölçməyin çətin olduğunu, lakin itkilərin 2 milyard dolları, hətta 4 milyard dollara çata biləcəyini açıqlayıb.
   Fitch Ratings, Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığorta zərərləri ilə bağlı hesabatında qeyd edib ki, bölgələrdə sığortadan istifadənin aşağı olması səbəbindən sığortalanmış zərərlər "çox aşağı"dır və təxminən 1 milyard dollara çata bilər. Digər tərəfdən, qeyd olunub ki, sığortalanmış zərərlər təkrarsığorta yolu ilə böyük ölçüdə kompensasiya olunacaq.
  İqtisadçı-ekspert Eyyub Kərimli Trend-ə açıqlamasında bildirib ki, Türkiyə Statistika Qurumunun bu həftə açıqladığı məlumatlara görə, zəlzələ bölgəsindəki 10 əyalətdə 13,42 milyon insan yaşayır və bu, ümumi əhalinin 15,7 faizini təşkil edir.
  "TÜİK-in 2021-ci il məlumatlarına görə, zəlzələdən zərər çəkmiş 10 əyalətdən ibarət bölgənin ÜDM-dəki payı 9,3 faiz təşkil edir. Sektorlar üzrə zəlzələ zonasının kənd təsərrüfatında payı 14,3 faiz, sənayedə payı isə 11,2 faiz təşkil edir ki, bu da ÜDM-in payından yüksəkdir".   Turizm sektoruna gəldikdə isə ümumi turistlərin təxminən 1 faizi zəlzələdən zərər çəkmiş bölgəyə gəldiyi üçün bölgənin bu sektora təsiri azdır. Lakin xarici ticarət məlumatlarını təsir kimi nəzərə alsaq, zəlzələdən zərər çəkmiş bölgə Türkiyənin ümumi ixracının 8,5 faizni, idxalının isə 6,7 faizni reallaşdırır. Türkiyə ixracının 4,4 faizni Qaziantep, 1,6 faizni Hatay və 1,2 faizni Adana həyata keçirir. İqtisadçılar il ərzində bölgədən ixracatda bir neçə milyard dollar itki gözlədiklərini, lakin oxşar təsirin idxalda da görüləcəyi üçün ümumi xarici ticarətə təsirinin zəif qalacağına diqqət çəkdilər. İqtisadçılar sektor təsirlərinin makro təsirlərdən başqa görülə biləcəyinə diqqət çəksələr də, xalis effekti anlamaq üçün daha çox vaxt lazımdır.
  Ekspertin sözlərinə görə, minlərlə insan hələ də dağıntılar altında qaldığı, sağ qalanların bir stəkan suya belə çata bilmədiyi zəlzələdən sarsılan 10 vilayət Türkiyənin sənaye və kənd təsərrüfatı istehsalının dinamikləri sırasındadır. Bölgədəki bir çox fabrik də dağıdılıb: “Kahramanmaraş, Qaziantep, Hatay, Adıyaman, Malatya, Osmaniye, Adana, Kilis, Şanlıurfa və Diyarbəkir 13,5 milyonluq Türkiyə əhalisinin yüzdə 16-sını təşkil edir. Bu ərazilər iqtisadi böyüklüyü baxımından Türkiyə iqtisadiyyatının onda bir hissəsidir. Sənayedən toxuculuğa, poladdan heyvandarlığa qədər bir çox fərqli sektorda istehsalın edildiyi bölgənin ixracatı 20 milyard dolların üzərindədir. Zəlzələnin episentri olan Kahramanmaraş Türkiyənin bir nömrəli iplik, parça və mətbəx əşyaları istehsalçısıdır. Şəhər ixrac edən əyalətlər arasında 17-ci yerdədir. Qaziantep, xüsusilə Yaxın Şərq ölkələrinin tədarükçüsüdür. Son illərdə turizmə hücum edən Qaziantep həm də türk qastronomiya turizminin paytaxtıdır. İskəndərun və Mersin limanları bölgədən malların daşınması və idxalının mərkəzidir. Lakin ilk gündən limanlardakı yanğını söndürmək mümkün olmadığından daşıma başlaya bilməyib".
  İqtisadçı ekspert  Eldəniz Əmirov da “Şərq”ə açıqlamasında deyib ki, Türkiyəyə dəymiş zərərin “Fitch Ratings” Agentliyi tərəfindən 4 milyard dollar həcmində qiymətləndirilməsi birmənalı qəbul edilə bilməz: 

“7 000-ə yaxın bina dağılıb, yollar yoxa çıxıb, infrastruktur məhv olub, istehsal sahələri yerlə-yeksan olub, dəyər zəngirinin əsaslı hissəsi sıradan çıxıb, təchizat prosesi dayanıb və s. Maddi zərər yaradan səbəblər hədsiz çoxdur. Hələ insanların mülkünə, şəxsi əşyalarına, nə qədər binanın zədələnməsinə dair məlumat yoxdur. 7 min bina sadəcə tam dağılan binadır. Odur ki, dəymiş ziyanın 100 milyard dollara çatacağını, hətta bunu ötəcəyini belə istisna etmirəm. 
  Mənəvi zərbənin təsiri heç də maddidən az deyil. Həlak olanların sayı durmadan artır. Say onminlərlə ölçüləcək. İndiki rəqəmlərdə olanlar cansız bədənləri tapılanlardır. Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 190 minədək insan insan qalıb. Dəhşətli soyuq hava və zamanın uzanması dağıntılar altından insanların sağ çıxarılma ümidlərini azaldır. Bu sarsıdıcı faciədir və bunun mənəvi zərbəsi maddidən çoxdur”.
  Ekspertin sözlərinə görə, dəymiş zərər Türkiyə ÜDM-nin 10 faizni ötə bilər. 2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olub. Bu il isə bunun 941.55 milyard  dollar olması proqnoz edilib. Lakin zəlzələ bu proqnozun da gerçəkləşməsinə imkan verməyəcək: “Türkiyənin 2023-cü ildə büdcə xərcləri 4 trilyon 470 milyard TL, büdcə gəlirləri isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir.  
  Rəqəmlərdən göründüyü kimi dəymiş ziyan 100 milyard dollar olarsa, bu Türkiyənin ÜDM-nin 12 faizə qədəri deməkdir. Eyni zamanda illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55 faiznə bərabər olacaq.  Bu xərcləri qarşılamaq illik büdcə kəsrini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur. Odur ki, dəymiş ziyanı yalnız büdcə vasaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20 faiz artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaqdır. Amma təbii ki, bu qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Düzdür, Türkiyə sevməyənlər nəyəsə nail olmaq istəyənlər, amma Türkiyə kimi dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir”.