“Çoxmərtəbəli binalardakı əsas təhlükə onların giriş mərtəbəsindədir”
“Həmin mərtəbədə əsas qeyri-yaşayış sahələri olur, ticarət obyektləri, və ara kəsmə divarları da demək olar ki yoxdur, ancaq beton sütunlardır”
“Hər hansı bir titrəmə zamanı həmin sütunlar üstündəki ağırlığın da təsirilə dərhal qırılır və çökən binada üst hissə nə qədər sağlam olsa da hər şey dağılır”
Bir neçə gündür, ölkə ictimaiyyətinin əsas gündəmi çoxmərtəbəli binaların zəlzələyə davamlılıq məsələsidir. Türkiyədə baş verən zəlzələ nəticəsində binaların dağılması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. Son illər tikilən çoxmərtəbəli binaların zəlzələyə nə qədər davamlı olması ilə bağlı mütəxəssislər fərqli fikirlər səsləndirir. Hətta bəzi mütəxəssislər qeyd edir ki, yeni binaların bir qismi zəlzələyə davamlı deyil, tikintisi zamanı bütün zəruri amillər nəzərə alınmayıb.
Hüquqşünas, professor Fərhad Mehdiyev isə hesab edir ki, çoxmərtəbəli binalardakı əsas təhlükə onların giriş mərtəbəsindədir:
“Həmin mərtəbədə əsas qeyri-yaşayış sahələri olur, ticarət obyektləri, və ara kəsmə divarları da demək olar ki yoxdur, ancaq beton sütunlardır. Onu da qeyd edim ki yüngül olsun deyə ara kəsmələrdə istifadə olunan kərpiclərin təzyiqə qarşı hansısa müqavimət gücü yoxdur. Giriş mərtəbəsində sağlam divarlar olmadıqca, mövcud beton sütunların nə qədər dözümlü olacağı sual yaradır. Hər hansı bir titrəmə zamanı həmin sütunlar üstündəki ağırlığın da təsirilə dərhal qırılır və çökən binada üst hissə nə qədər sağlam olsa da hər şey dağılır. O cür binalarda FHN giriş və ikinci mərtəbələrdə əlavə gücləndirici vasitələr quraşdırılmasını tələb etməlidir. Bu yerinə görə divar, əlavə dəmir konstruksiyası, ya da sütunların qalınlaşdırılması ola bilər”.
F.Mehdiyevin sözlərinə görə, paytaxtda tikilən yeni binaların bünövrəsini nisbətən sağlam atırlar, lakin girişmərtəbəsindən binalar incə ayaqlı durnaya oxşayır.