“Qadınlara qarşı qeyri-etik hərəkət edən sürücülər ən sərt şəkildə cəzalanmalıdır”
Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.
Bu barədə “Şərq”ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub. Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.
Sosial şəbəkələrdə gedən müzakirələrə görə, taksi sürücülərindən qeyri-etik təkliflər alan xanımların sayı xeyli çoxdur, sadəcə əksəriyyəti şikayətçi olmur.
Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyində sərnişinlərə qarşı qeyri-etik təkliflər edən sürücülər barəsində lazımi qaydalar mövcuddur, sadəcə bu, təcrübədə tətbiq olunmayıb. Ekspertin sözlərinə görə, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər üçün vacib tələblərdən biri hazırlıq kurslarından keçmək olmalıdır: “Kursda sürücülərə sərnişinlərlə etik davranış qaydası, sərnişindaşımanın təhlükəsizliyi və sair məsələlər öyrədilir.
O zaman sürücünün məsuliyyət hissi olur, insanlarla davranış vərdişi formalaşır. Kursu bitirəndən sonra onlara taksi sürücüsü kimi fəaliyyət göstərmələri üçün fərqlənmə nişanı verilməlidir. Əgər bu olsa, indi danışdığımız və danışmadığımız bir çox məsələlər həllini tapar. Ən azından hər maşını olan sürücü taksi xidməti göstərən şirkətlərə qoşulub sərnişindaşıma ilə məşğul olmaz”.
Taksi sürücülərinin sərnişinlərə, xüsusən də qadınlara qarşı qeyri-etik davranışları, əxlaqsız təkliflərinin qanunvericiliklə yanaşı, etik davranış qaydalarına, milli mentalitetimizə zidd olduğunu vurğulayan hüquqşünas hesab edir ki, belə sürücülərin varlığı taksi fəaliyyəti ilə məşğul olan minlərlə insanın işinə kölgə salır. Ona görə də dövlət nəzarəti olmalı və bu işdə təşkilati məsələlər yoluna qoyulmalıdır:
“Belə halların əksəriyyəti sərnişin nömrələrinin sürücülər tərəfindən görülməsi və qeyd edilməsi ilə əlaqədardır. Sistem elə təkmilləşdirilməlidir ki, taksi aqreqatoru ilə əlaqədə olan nömrəni sürücü görməsin. Qadın sərnişinlər də taksi sürücüsü “nömrəmi gördü” deyə narahatlıq keçirməsin. Nəzəri cəhətdən bu mümkündür.
Buna qədər isə nömrədən etikadan kənar istifadə edən, eyni zamanda xidmət zamanı qadınlara qarşı qeyri-etik davranışlar göstərən sürücülər cəzasız qalmamalıdır.
Sürücü bilsə ki, sərt cəzalanacaq, qeyri-etik hərəkətləri etməyəcək. Odur ki, bu cür sürücülərin taksi fəaliyyətinə dərhal xitam verilməlidir. Amma indiki halda bizdə belə bir cəza tədbiri görülmədiyi üçün taksi xidməti göstərən sürücülərin özbaşınalığı davam edir”.