Təklifin reallaşdırılması üçün ölkə başçısının müvafiq sərəncamı olmalıdır
Azərbaycanda dəniz kənarında gənclər şəhərciyinin inşası və adının Heydərabad adlandırılması təklif olunur.
Bir vaxtlar Yaşmada, dəniz kənarında gənclər şəhərciyinin tikilməsi ilə bağlı təkliflərin gündəm olduğunu xatırladan millət vəkili Azər Badamov bu barədə Parlamentin plenar iclasında çıxış edib.
Deputatın fikrincə, sonradan təxirə salınan şəhərciyin inşa edilməsi məsələsi yenidən gündəmə gətirilməlidir. A.Badamov bildirib ki, Türkiyədə baş verən zəlzələ gələcək planların qurulması məsələsinə yenidən baxılması üçün zəmin yaradır: “Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Bakının çox yüklənməsi səbəbindən insanlar tıxac problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində çoxmərtəbəli binaların sayının artması bu problemi daha da artırır. Binaların bir-birinə çox sıx şəkildə inşasının təhlükəsizlik baxımından da heç bir normalara uyğun gəlmədiyini hesab edirəm. Əgər hər hansı fövqəladə hal baş versə, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil”.
Deputat Yaşmada inşa olunmalı şəhərciyə paytaxt statusunun verilməsini də təklif edib: “Bakıdakı müəyyən dövlət idarələri və universitetlərini oraya köçürmək olar. Təbii ki, bu da Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək olar. Həmçinin bu il “Heydər Əliyev” İli olduğunu nəzərə alaraq, yeni şəhərciyin cari ildə tikilməsinə başlamağı və oranı Heydərabad adlandırmağı təklif edirəm”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Şərq”ə açıqlamasına görə, bu məsələ daha çox siyasi məsələ olduğundan birbaşa ölkə başçısının iradəsindən asılıdır:
“Ölkə ictimaiyyətinin, xüsusən də parlament üzvlərinin təklifləri də əsas götürülə bilər. Lakin yeni şəhər salmaq üçün çox ciddi araşdırma aparılmalı, hansı ərazinin daha uyğun olduğu öyrənilməlidir. Ölkə ərazisində Ulu Öndərin adını daşıyan çoxsaylı strateji obyektlər, prospektlər var. Çoxsaylı təkliflər fonunda Heydərabad şəhərinin də salınması mümkün məsələdir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ona görə də Azərbaycanın ən dilbər guşəsi olan Qarabağda Heydərabad şəhərinin salınması çox nəcib təklifdir. Mən bu təklifi dəstəkləyirəm, alqışlayıram. Amma təklifin reallaşdırılması üçün ölkə başçısının müvafiq sərəncamı olmalıdır. Bu halda isə Bakının yükünü azaltmaq üçün paytaxtın Qarabağa köçürülməsinə ehtiyac görmürəm. Bakı kifayət qədər strateji bir şəhərdir. İndiki reallıqda paytaxtın Qarabağda salınacaq yeni şəhərə köçürülməsi müəyyən çətinliklər yarada bilər”.