Quru sərhədlərinin açılmasının heç bir təhlükəsi yoxdur


Bütün dünyada pandemiya ilə bağlı vəziyyət stabil olaraq qalıb


  Yenə gözləntilər özünü doğrultmadı.  Daha doğrusu, yenə gözlərimiz yollarda  qaldı. Hökumət xüsusi karantin rejiminin müddətini yenə  uzatdı. Halbuki nə dünyada, nə də ölkəmizdə  koronavirus təhlükəsi qalıb və nə hikmətdirsə, karantin rejimi ancaq quru sərhədlərinə şamil olundu. Maska tələbi yox, toy və  yas məclisləri də həmişəki ampluadadır. AZAL-ın bahalı biletlərini almaq imkanında olan insanlar da xarici ölkələrə rahat səfər edə bilir. Quru sərhədlərinin bağlı qalması isə ancaq əhalinin kasıb təbəqəsinin  qonşu ölkələrə  gediş- gəlişini əngəlləyir. 3 il olacaq ki, insanlar  doğmalarını, el-obalarını ziyarət edə bilmir. Xaricdə oxuyan tələbələr imkansızlıqdan yay, qış tətilində Vətənə qayıda bilmir.

Aztəminatlı vətəndaşın övladını ildə bir neçə dəfə təyyarə ilə səfərə göndərməyə  maddi imkanı çatmır. Nə yazıq ki, bunun acı təcrübəsini daha iki həftə əvvəl yaşadıq. Biletlər baha olduğu üçün tətildə qardaş Türkiyədən Azərbaycana gələ bilməyən, zəlzələyə qurban gedən 4 gəncin tabutu ailəsinə təhvil verildi. Halbuki AZAL bir az insaflı, müvafiq qurumlar bir az duyarlı olsa,  o tələbələr analarının dizinin dibində olacaqdı.  Bu qədər itkilər, narazılıqlar fonunda  xüsusi karantin rejimini uzatmaq  nəyə lazımdır?

  Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq  qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.

  İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu  deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur. Əgər sərhədlərin qapalı qalmasının bizim bilmədiyimiz bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır: 

“Uzun müddətdir ölkədə həm yoluxma sayında, həm də sağalanlarla xəstələr arasındakı nisbətdə müsbət tendensiya, eləcə də ölüm sayında kəskin azalma müşahidə edilir.  Buna rəğmən tutarlı bir səbəb göstərmədən xüsusi karantin rejimi uzadılır. Aydın məsələdir ki, səbəb pandemiya deyil. Quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır.İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə, üçüncü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da  sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi  mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdir.”.

  Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.

  Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz.  Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.

  Həkim-infeksionist Mərdan Əliyev isə  deyib ki, quru sərhədlərinin açılmasının tibbi və epidemioloji baxımdan heç bir təhlükəsi yoxdur: “Bütün dünyada pandemiya ilə bağlı vəziyyət stabil olaraq qalıb. Xüsusilə də Azərbaycanda və bizimlə sərhədi olan qonşu  ölkələrdə vəziyyət stabildir. Yəni quru sərhədlərin açılması, əsasən qonşu ölkələrlə gəliş-gedişin olması deməkdir.  

Sərhəd ölkələrdə də pandemiya təhlükəsi olmadığı üçün quru sərhədlərin açılması tibbi baxımdan təhlükəli hesab oluna bilməz. Nəzərə alaq ki, bütün dünya ilə təyyarə ilə gediş-gəlişimiz var. Təyyarə yolunun açılması daha təhlükəlidir, nəinki quru sərhədlərin”.