Bütün müsəlmanlar fitrə zəkatı çıxarmalıdır

Fitrə zəkatı yalnız oruc tutanlar üçün nəzərdə tutulmayıb

"Hər bir şəxs öz maddi imkanı daxilində miqdarı təyin edə bilər. Sadəcə, bəyəniləndir ki, maddi imkanı çatırsa, yuxarı hədd seçilsin, aşağı hədd yox"

  Mübarək Ramazan bayramı islam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev Trend-ə bildirib ki, fitrə zəkatının həcmi şəriət qaydalarına görə ən çox istifadə edilən ərzaq məhsulunun dəyəri ilə hesablanır. 

Onun sözlərinə görə, fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəklində vermək olar. "Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəklində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur.

  Fitrənin pul şəklində tövsiyə olunmasının əsas səbəbi ehtiyacı olan şəxslərin pulu ehtiyaclarına, övladlarının təhsilinə, geyiminə və s. xərcləyə bilməsidir", - F.Nurullayev deyib. Onun sözlərinə görə, builki təqvimə əsasən, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına göndərdiyi sorğu əsasında aprel ayının 21-i Ramazan bayramı gözlənilir. 

"Belə olduqda aprelin 20-si fitrə zəkatı çıxarılmalıdır. Fitrə zəkatını müsəlman olan hər kəs çıxarmalıdır. Oruc tutanlar da, tutmayanlar da. İlk növbədə ətrafınızda olan imkansızlara fitrə zəkatı verməlisiniz, sonra başqalarına. Dərmana ehtiyacı olan qazilərimiz var ki, onlara da kömək oluna bilər. Şəhid ailələrindən də ehtiyacı olanlar var. Və bütün bunları kiminsə qəlbinə toxunmadan etmək lazımdır", - deyə QMİ rəsmisi qeyd edib.

  Müzakirəyə səbəb olan məsələ təkcə oruc tutanların, yoxsa oruc tutub tutmamasından asılı olmayaraq, ümumiyyətlə, müsəlmanların fitrə zəkatı verməsinin vacibliyi ilə bağlıdır. İlahiyyatçı Hacı Atif  İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, şəriət qanunlarına görə, oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın Ramazan bayramı yaxınlaşdıqda fitrə zəkatı çıxarması vacibdir: 

- Fitrə zəkatı yalnız oruc tutanlar üçün nəzərdə tutulmayıb. Ümumiyyətlə, bütün müsəlmanlar fitrə zəkatı çıxarmalıdır. Amma bunun da şərtləri var. Fitrə zəkatı çıxarmaq kasıblara, fəqirlərə aid deyil. Ailəsini dolandıra bilməyən, gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkən kəs fəqir hesab edilir. Maddi vəziyyəti fitrə zəkatı çıxarmağa imkan verən kəs belə insanlara yardım etməli, fitrə zəkatını onlara verməlidir. Fitrə zəkatının qaydası budur ki, ailə başçısı və ya ailəni idarə edən, ailənin dolanışığını təmin edən şəxs özü və ailənin hər bir üzvü üçün fitrə çıxarmalıdır. Fitrənin miqdarı da göstərilir. Lakin miqdarın göstərilməsi bunun birmənalı şəkildə mütləq miqdar olması anlamına da gəlmir. Hər bir şəxs yenə də öz maddi imkanı daxilində miqdarı təyin edə bilər. Sadəcə, bəyəniləndir ki, maddi imkanı çatırsa, yuxarı hədd seçilsin, aşağı hədd yox. Bu, fitrə veriləcək şəxsin də ailəsini ərzaqla təmin etməyə yetərli olar. İmkan varsa, fitrə zəkatı elə bir miqdarda çıxarılmalıdır ki, bir ailə bayram üçün evinə hansısa ərzaqlardan müəyyən qədər ala bilsin. Ailədə yetkinlik yaşına çatmamışlar, kiçikyaşlı uşaqlar varsa, onların adına fitrə zəkatı çıxarmaq vacib deyil, müstəhəbdir, bəyənilən, savab əməldir.  Əgər ailənin imkanı varsa, çıxara bilər. Çıxarmasa da, günah deyil.  Ailə üzvlərindən kiminsə ayrıca gəliri varsa, o da öz adına fitrə zəkatı çıxara bilər.

  H.A.İsmayılov qeyd etdi ki, ailənin dolanışığı çətindirsə, ailə başçısının gəliri dolanışıq üçün yetərli miqdarda deyilsə, bu halda fitrə zəkatı çıxarmaq vacib deyil:
 
- Bəzən ailələr, "1 ay oruc tutmuşam, sonda fitrə zəkatı da çıxarım, üzərimdə mənəvi borc qalmasın", fikri ilə hətta maddi çətinliyə düşəcəklərini də gözə alıb fitrə zəkatı çıxarmağa meyl edirlər. İslam zorluq deyil, rahatlıq, rifah dini olduğu üçün bir müsəlmanın çətinliyə düşərək fitrə zəkatı çıxarması da məqbul hesab edilmir. Hətta kasıb bir ailə, fitrə zəkatını niyyət edib özü üçün də istifadə edə bilər və bu qəbahət sayılmaz. Çünki imkanı məhdud şəxs fəqir qismindədir və bu halda onun fitrə zəkatı çıxarması yox, imkanı olan bir başqasının ona fitrə verməsi vacib olur.  Uca Allah oruc tutanların oruclarını, fitrə zəkatlarını qəbul etsin, bayramları mübarək olsun.