“Əsgərlərimiz əsirlikdən azad ediləcəklər” 

Səadət Bənənyarlı: “Məsələ Azərbaycan dövlətinin diqqətindədir, dövlət səviyyəsində iş gedir” 

  Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Bu barədə "Modern.az"a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib. Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub. Məktubda "Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", qeyd edilib. Bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. 

BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir. Qeyd edək ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu yolu azaraq Ermənistan ərazisinə keçərkən əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

  Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, əsgərlərimizə açılan cinayət işi saxta və əsassızdır: 

- Biz Ermənistan dövlətinin əsir, girov götürdükləri şəxslərə qarşı qondarma, saxta ittihamlarla cinayət işi açması “təcrübəsi”ylə tanışıq. Vaxtilə Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı da bu cür caxta ittihamlarla cinayət işi açılmışdı. Halbuki onlar Azərbaycanın suveren ərazisi olan Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülmüşdü. İllərlə onları həbsxanada qanunsuz olaraq saxladılar. İndi də iki əsgərimizə qarşı saxta ittihamlar irəli sürüblər. Lakin məlumdur ki, əsgərlər sadəcə yolu azaraq Ermənistan ərazisinə keçiblər. Onlar müharibə şəraitində, döyüş əməliyyatları getməyən bir vaxtda səhvən başqa dövlətin ərazisinə keçiblər. Amma ermənilər yenə öz xislətlərini göstərir. Əsir götürdükləri əsgərlərimizlə qeyri-insani şəkildə davranır, əzab, işgəncə verirlər. Üstəlik də saxta cinayət işi açırlar. Onu deyə bilərəm ki, bu məsələ Azərbaycan dövlətinin diqqətindədir, əsirlərin geri alınmasıyla bağlı dövlət səviyyəsində iş gedir. Eyni zamanda biz vətəndaş cəmiyyəti nümayəndələri də bu məsələni daim gündəmdə saxlayırıq, beynəlxalq insan hüquqları təşkilatları ilə təmasdayıq. Beynəlxalq ictimaiyyət, dünya dövlətləri də bilsin ki, Azərbaycan vətəndaşları harada olursa-olsun, sahibsiz deyillər. Məsələ tezliklə həll olunacaq. Əsgərlərimiz əsirlikdən azad ediləcəklər. 
  S.Bənənyarlı ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anasına yazdığı məktuba da toxundu: 
- Məktubdan da hiss olunur ki, əsgərimiz sıxıntı içindədir.  O, yaşadığını yaşayıb artıq. Təbii ki, sıxılır, əzab çəkir. Erməni hərbçilərinin onunla necə davrandığını hamımız gördük. Anası, doğmaları da görüb. Təsəvvür edin, bu, bir ana üçün, doğmaları üçün necə böyük əzabdır. Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mandatına uyğun  olaraq əsirlərlə bağlı məlumatları yalnız əsir saxlandığı tərəfə verir. Və yaxın qohumlarına məktub yazmaq  imkanı tanıyır. İnformasiyalar bizə vermir, bizimlə bölüşmürlər.  Ümid edək ki, əsgərlərimiz tezliklə azad olunsun.