Marsa ancaq qadınlar göndəriləcək


Çünki qadınların kişilərə nisbətən geriyə dönə bilmək imkanları daha yüksəkdir

  “Scientific Reports” elmi jurnalının araşdırmasına görə, Marsa göndəriləcək ilk astronavt heyətinin tərkibi bütünlüklə qadınlardan ibarət olacaq. Bunun səbəbi qadınların kişilərə nisbətən daha az vasitələrdən istifadə etməsi və geriyə dönə bilmək imkanlarının daha yüksək olmasıdır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, kosmik sahə mütəxəssisləri Marsa göndəriləcək astronavtların seçiminin çətin olacağını hesab edirlər. Marsa uçmaq istəyənlər bir daha geri dönməmək təhlükəsini gözə almalı, təxminən 7 ay müddətində qapalı kosmik gəmidə qalacaqlarını bilməli və buna təkcə fiziki deyil, psixoloji cəhətdən də hazır olmalı, yüksək səviyyəli təlim keçməlidirlər. Son araşdırmaya görə, Marsa göndəriləcək heyətdə qadınlar təmsil olunmalıdır. Fransanın Məkan Fiziologiyası Tibb İnstitutunun professoru Jonatan P.R.Skotun rəhbərliyi altında çalışan beynəlxalq heyət  Marsa başlanğıcda məhz qadın astronavtların göndərilməsi versiyası üzərində dayanıb. Kişi astronavtlarla qadınların fərqini araşdıran heyət qadınların oksigen və ümumi enerji sərfiyyatı, karbondioksid, istilik və su ehtiyatlarından qadınların daha az istifadə etdiyini müəyyənləşdirib. Qadınların infarkt keçirmək ehtimalı da kişilərə nisbətən çox aşağıdır. Həmçinin qadın hormonları radiaktiv şüalanmaya qarşı da daha dayanıqlıdır.  Buna görə də qadın astronavtlar daha avantajlı hesab edilib. Bundan əlavə, Marsda qurulması planlaşdırılan yaşam sahəsi modullarının əgər sakinlər qadınlar olacaqsa, daha kiçik ölçülərdə tərtib edilə bilər. Bütün bunlar Marsa ilk səyahət edəcək astronavtların məhz qadınlar olması ehtimalını artırır. Bənzər araşdırmalar təqribən 70 il öncə - 1950-ci illərdə NASA tərəfindən də aparılıb. Və qadın astronavtların kişi astronavtlara nisbətən daha üstün olması dəqiqləşib.