“Oxuyan gələcək”


Beren Saat zəlzələ uşaqları üçün kitab oxudu


   Sevilən aktrisa Beren Saat zəlzələdən zərərçəkmiş uşaqlar üçün kamera qarşısına keçib. Amma hər hansı reklam çarxı və ya film, dizi səhnəsi çəkilişləri üçün deyil, kitab oxumaq üçün. “Ulduz” aktrisa “Oxuyan gələcək” layihəsinə dəstək çərçivəsində uşaqlar üçün hekayə səsləndirib. Bu layihə Türkiyədə Ana Uşaq Təhsil Vəqfi tərəfindən uşaqlarda qiraət, danışıq dilinin inkişafını dəstəkləmək, onlara kitab oxumaq sevgisini və vərdişini aşılamaq məqsədi daşıyır. Layihə 2016-cı ildən icra olunur və indiyədək bir çox mıəşhurlar ona dəstək olublar. Pandemiya dönəmində də layihə onlayn formatda davam etdirilib. Mikrofon arxasına keçən tanınmış simalar, sənət adamları, alimlər, yazarların iştirakı və Fazil Sayın musiqisinin müşayiəti ilə indiyədək 18 hekayə kitabı səsləndirilib. “Oxuyan gələcək” layihəsinə yeni-yeni kitablar daxil edilir. Sevilən aktrisa Beren Saat isə layihəyə yeni daxil edilmiş “Tostos Dədəsini Özlüyor” (“Tostos dədəsi üçün darıxır”) kitabından hekayə oxuyub. Bu hekayənin müəllifi klinik psixoloq Bahar Çakırdır. İllüstrasiyalar isə Gözde Eyceyə məxsusdur. Psixoloqların rəyinə görə, hekayə zəlzələ səbəbindən ailəsində itkilər yaşamış, kədərli günlər keçirən uşaqlara müsbət enerji və həyat eşqi aşılayır. Beren Saat layihədə iştirak etməsindən məmnunluq duyduğunu deyib: “Belə bir anlamlı, məqsədi, məramı bəlli olan layihədə iştirakdan çox məmnunam. Zəlzələdən zərər çəkmiş uşaqlar, ailələr başda olmaqla, çətin, hüzünlü günlərlə mübarizə aparan hər kəsə yüngüllük gətirəcəyini, ümid işığı olacağını diləyirəm”. Bu günə qədər kitablardan hekayələri digər məşhurlar – Cem Yılmaz, Demet Evgar, Genco Erkal, Haticə Şəndil və başqaları səsləndirib.