“Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı artır” 

Yaxın qohumları Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi verilib

Bu dəyişiklik xarici vətəndaşlığı olan mütəxəssislərin ölkəyə cəlb olunmasına da kömək edəcək

  Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. 

Yeni layihəyə əsasən, bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilib. Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində əsasən, bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilər. 

Qeyd olunan maddə təkmilləşdirilərək yeni redaksiyada verilib. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum olarsa, onlara həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala biləcək. 

  Miqrasiya Məcəlləsinə təsdiqlənən dəyişiklikləri şərh edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd etdi ki, Miqrasiya Məcəlləsindəki bu dəyişiklik ölkə ərazisində müvəqqəti yaşamaq istəyənlər üçün əlavə imkanlar yaradır: 

- Bu dəyişiklik xarici vətəndaşlığı olan mütəxəssislərin ölkəyə cəlb olunmasına da kömək edəcək. Daimi yaşamaq hüququ əldə edən şəxsin əmək fəaliyyəti göstərməsi üçün əlavə icazə almasına ehtiyac yaranmır. Həmin şəxslər siyasi hüquqlar istisna olmaqla, Azərbaycan vətəndaşlarının sahib olduğu digər bütün hüquqlardan istifadə edə bilərlər. Daimi yaşamaq hüququ olan şəxslər seçki yolu ilə bələdiyyələrin idarəolunmasında da yaxından iştirak imkanı qazanır. 

Onlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edə, digər vətəndaşlar kimi pulsuz ali təhsil almaq hüququndan yararlana bilərlər. 

Göründüyü kimi üstünlüklər çoxdur və bu, Azərbaycanda daimi yaşamaq hüququ əldə edənlər üçün daha geniş imkanlar, hüquqlar deməkdir. Müsbət haldır ki, Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı ildən-ilə artır.