“Müzəffər sərkərdənin igid əsgərləri”

Asəf Əliyev: “Şəhidlik və qazilik məktəbi gənclərə örnəkdir”

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


  44 günlük Vətən müharibəsi müasir Azərbaycan tarixinin şərəf səhifəsi olmaqla yanaşı,  xalqımızın qan yaddaşının da dirçəlməsi, özünə qayıdış, özünü  təsdiq etməsi üçün növbəti imkan yaratdı. Xalqımızın mübarizliyi, igidliyi tarixin bütün dövrlərində özünü büruzə verib. Lakin Vətən müharibəsi uzunmüddətli işğaldan sonra xalqın səfərbər olaraq düşmənə layiqli cavab verməsini təmin etmiş oldu. Yaranan tarixi şərait, dövlətimizin qüdrəti, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsində böyük qələbə əldə etməyimizi, əlbəttə ki, ilk növbədə qəhrəman əsgərlərimizə, torpağı müqəddəs bilib gözünü qırpmadan onun uğrunda canından keçməyə hazır olan şəhidlərimizə borcluyuq. İstər Birinci Qarabağ müharibəsinin, istərsə də 44 günlük Vətən müharibəsinin gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə, milli-mənlik şüurunun inkişafında əvəzsiz əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Vətən müharibəsi başlananda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbələrinin qarşısına toplaşıb ordu sıralarına qatılmaq üçün müraciət edirdi. Bu, Azərbaycan gəncinin vətənpərvərlik hisslərinin ali təcəssümü idi. Böyük qələbə ilə başa çatan Vətən müharibəsindən sonra da yeniyetmə və gənclərin igidlik, şəhidlik və qazilik məktəbi barədə daim məlumatlandırılması, şəhidlərin anım günlərinin keçirilməsi, şəhid və qazi ailələriylə təşkil edilən görüşlər də gənclərin bu istiqamətdə maariflənməsinə kömək edir. Bu səpkili tədbirlər müntəzəm keçirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması və onların keçdiyi şərəfli döyüş yolunu gənclərə aşılamaq məqsədilə “Müzəffər sərkərdənin igid əsgərləri” adlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil almış şəhid baş leytenant Orxan Quliyev və gizir Bağır Ələkbərova həsr edilib. Müdafiə Nazirliyindən "Trend"ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə şəhidlərimizin ailə üzvləri, qazilər, Naxçıvan Qarnizonu tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, şəhid valideynləri, qazilər və digər çıxış edənlər ordumuzun qüdrətindən, şəhidlərimizin döyüş zamanı qəhrəmanlıqlarından danışıblar. Bildirilib ki, kəşfiyyatçı zabitimiz baş leytenant Orxan Quliyev 13 mart 2015-ci ildə Lələtəpə istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı bölmələrində xidmət edən gizir Bağır Ələkbərov 2018-ci ildə Günnüt əməliyyatında iştirak edib. Vətən müharibəsinin də iştirakçısı olan gizir Bağır Ələkbərov 2020-ci il oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Hər iki qəhrəman Vətən oğlu bir çox orden və medallara layiq görülüblər. Qeyd olunub ki, Vətənin müdafiəsi uğrunda canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı kiçikyaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Belə tədbirlər xalqımızın qəhrəman oğullarını uşaqlara və gənc nəslə tanıtmaq, onların mübarizə yolunu təlqin etmək, şəhidlik irsini təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən Vətənə, ordumuza, şəhidlərimzə həsr olunmuş şeirlər bədii qiraət edilib, mahnılar səsləndirilib və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub.

  Bu cür tədbirlərin Azərbaycan xaqlının əzəmətinin, qəhrəmanlığının, əsgərlərimizin igidliyinin gənc nəslə çatdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, şəhidlik və qazilik məktəbi qoşa qanaddır: 

- Biz qazilər Vətən döyüşçülərinə fərq qoymuruq. İstər Qraabağ münaqişəsinin alovlandığı, açıq müharibə mərhələsinə keçdiyi 1991-1994-cü illər, istər atəşkəs dövründə şəhid olanlar, Aprel döyüşlərinin qəhrəmanları, istərsə də 44 günlük Vətən müharibəsinin döyüşçüləri, biz onları Vətənimizin ərazi bütövlüyü uğrunda canından, qanından keçməyə hazır oğullar adlandırırıq. Şəhidlik qazilikdən keçir, qazilik də şəhidlikdən. Bunlar qoşa qanaddır. Döyüşə atılan şəxs ya şəhid olur, ya da qazi. 44 günlük Vətən müharibəsində də biz bunun şahidi olduq. Ali Baş Komandanın əmriylə xalq-ordu birliyi təmin olundu, xalqımız bir yumruq kimi birləşdi. Bu yumruq hara dəysə, oranı dağıdacaqdı. Və bu birlik sayəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərin ruhunu şad etdi. Bu qələbənin qazanılmasında hamının payı, hamının töhfəsi var. Azərbaycanın bütün regionlarından gənclər dəstə-dəstə “hərbi komissarlıqlar”a müraciət edirdilər. Biz, Qarabağ Qaziləri İctimai Birliyinin üzvləri də bilirsiniz ki, cəbhə bölgələrinə gedirdik, səngərdə qəhrəman döyüşçülərimizlə çiyin-çiyinə dayanırdıq. Onlara qazilik məktəbi, keçilən döyüş yolu haqqında danışırdıq. Gənc döyüşçülərə təcrübənin öyrədilməsi də əsasdır. Gənclər şəhidlik və qazilik məktəbi barədə məlumatlı olmalıdırlar. Keçmiş döyüşçüləri səngərdə görmək də onları ruhlandırırdı. Vətən müharibəsinə Qarabağ müharibəsinin qaziləri də qoşuldu. Hətta təkrar qazi adını qazananlar, özü, övladları şəhidlik zirvəsinə ucalan qazilərimiz də oldu. Bunun özü gənclərimizə böyük örnəkdir. Vətəni təmənnasız sevməyin bir nümunəsidir. Azərbaycan xalqı millətini, dövlətini sevən xalqdır. Bunu həmişə sübut edib, 44 günlük müharibədə də yenə sübut etdi. Səfərbər olan xalqımız erməni separatçılarının xaricdəki havadarları hesabına işğal etdiyi torpaqlarımızı mənfur düşməndən azad etdi. Bu qələbədə hamının payı var. Xüsusən də qəhrəman ordumuzun. Odur ki, igid əsgərlərimizin qəhrəmanlıq dastanlarının, keçdikləri həyat yolunun gənclərə bildirilməsi, onların vətənpərvərlik ruhunda yetişməsi üçün vacib şərtdir. Şəhid ailələri qarşısında baş əyirəm, qazilərimizə  şəfa arzulayıram, müharibə veteranlarına layiq olduqları qiymətin verilməsini diləyirəm. Bu, bizim müqəddəs borcumuzdur.