Dəniz, çaylar xalqın sərvətidir

Cənab Prezident irad bildirir, izah etməyə çalışır, amma məmurlara təsir etmir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər zamanı Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər. Burada çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. 

Dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirərək əhalinin çaydan istifadəsinə yaradılan əngəlin aradan qaldırılmasını tapşırıb: “Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları, pilləkən düzəldin, yaxud da elə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər”. 

Həqiqətən də, çayın sahilinin hasarlanması kimə və nə üçün lazımdır?  Sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında bəzi məmurların dar düşüncə sahibi olmasının belə bir vəziyyətin yaranmasına gətirib çıxardığı söylədi: 

- Bəzi məmuların təfəkküründə ciddi problem var. İndiyədək yol kənarlarına uzun hasarlar çəkməklə nəyisə gizlətmək, dəniz sahilini çəpərləməklə xalqdan təcrid etmək məqsədi güdüblər, indi də təbiət gözəlliyini, xalqa məxsus təbii sərvəti – çayın sahilini çəpərləyirlər. Bu, tamamilə biabırçılıqdı. Və bəzi məmurların dar düşüncə sahibi olduqlarını bir daha göstərirlər. Cənab Prezident irad bildirir, izah etməyə çalışır, amma məmurlara təsir etmir. Bunlar necə bir təfəkkür daşıyıcılarıdır, hansı düşüncə ilə belə məntiqsiz əmələ imza atırlar, doğrusu, izah vermək çətindir. Hesab edirəm ki, belə məmular cəzalandırılmalıdır. Çünki irad bildriməklə çətin ki, qəbahətlərini başa düşsünlər. Dəniz, çaylar xalqın sərvətidir. O çay starteji dövlət obyekti deyil, hərbi obyekt deyil. Sahili niyə çəpərlənməlidir? Bunun məntiqi bir izahı yoxdur. Ancaq bunu demək olar ki, belə bir düşüncəyə sahib məmurların xalqa heç bir aidiyyəti yoxdur, bacarıqsız və  səriştəsizdirlər.