Türkiyəni Zəfərə aparan Atatürk...

30 Avqust Türkiyə Cümhuriyyətinin elanına aparan yolun əvvəlidir

  Qardaş Türkiyə Zəfər bayramını qeyd edir. Cümhuriyyətin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verib. 30 Avqust Zəfər bayramı - 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Baş komandanlıq meydan müharibəsi" sayılan “Büyük Taarruz”u bayrametmə günüdür. İşğalçı orduların ölkə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub, rəsmi olaraq isə 1936-ci ilin may ayında elan edilib. Türkiyədə Zəfər bayramı münasibətilə bütün ölkədə təntənəli mərasimlər keçirilib. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbir mavzoleyini, digər rayonlarda şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına və bütün şəhidlərin ruhuna dualar oxuyublar.  30 avqust Türkiyədə rəsmi tətildir. Həm də hər il bu gün Quru Qoşunları Hərbi Məktəbində məzun buraxılışı olur. Zabit rütbələri də məhz bu gün verilir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust – Zəfər bayramı ilə bağlı təbrik mesajı yayımlayıb: “30 Avqust Başkomandanlıq Meydan müharibəsinin türk xalqının əsrlər boyu davam etdirdiyi mübarizəsinin ən kritik dönüş nöqtələrindən biridir. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, 30 Avqust Zəfəri Türk Ordusunun, türk zabit və komandan heyətinin yüksək qüdrətini və qəhrəmanlığını bir daha müəyyən edən böyük bir əsərdir. Xalqımızın ən mühüm xüsusiyyəti olan azadlıq eşqi bu gün də varlığını çox güclü şəkildə davam etdirir. Qarşıdakı dövrdə atacağımız yeni addımlarla ölkəmizin gücünə güc qatacaq və Türkiyəni müasir sivilizasiyalar səviyyəsinə yüksəldəcəyik. Cümhuriyyətin qurucusu, Böyük Hücumun Baş Komandanı Qazi Mustafa Kamal və silahdaşlarını minnətdarlıqla yad edir, bütün şəhid və qazilərimizə Allahdan rəhmət diləyirəm. 30 Avqust Zəfər Bayramımız mübarək olsun''.
  30 Avqust – Zəfər bayramının önəmini vurğulayan tarixçi-alim Elmar Həsənli “Sherg.az"a açıqlamasında bu günün əhəmiyyətindən danışıb: 

"30 avqust Türkiyə Cümhuriyyətinin elanına aparan yolun başlanğıcı hesab edilə bilər. Mustafa Kamal Atatürk parçalanmış vəziyyətdə olan Türkiyənin xilası üçün böyük savaş başlatdı, öz silahdaşlarıyla birlikdə ön cəbhədə döyüşlərə rəhbərlik edərək ölkəni yadellilərdən xilas etdi və nəhayət, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu. Türkiyə Cümhuriyyətinin qarşısında  2 mühüm məsələ dururdu. Bunlardan biri “erməni soyqırımı”, biri də Türkiyənin bölünməsinin qarşısını almaq idi. Atatürk bu savaşda qazanılan qələbə sayəsində hər iki məsələni kökündən həll etdi. “Erməni soyqırımı” məsələsi də birdəfəlik bitdi, ölkə bölünməkdən, parçalanmaqdan xilas oldu. Bu, Türkiyənin və bütün türk dünyasının böyük zəfəri idi".