Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik.
Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.
Məsələni "Sherg.az"a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, son proseslərdən əvvəl də bu ərazilərin Azərbaycanın olmasını hər kəs bilirdi:
"Ancaq burada fəaliyyət göstərən qeyri-qanuni silahlı qüvvələr Azərbaycanın suveren hüquqlarının həmin ərazidə yayılmasına əngəllər yaradırdılar. Hazırda problemlər aradan qaldırılıb və bu bölgə tam Azərbaycana məxsusdur. Buna görə ərazidə baş verən bütün hadisələr və digər məsələlər də Azərbaycana aiddir. Türkiyə tərəfinin belə reaksiyası tamamilə yerinə düşür. Bu bir daha o ərazilərin Azərbaycanın olduğunu göstərir. Xankəndi ərazisində millətindən asılı olmayaraq hər hansı şəxs problemlər ilə üzləşirsə, bu Azərbaycan cəmiyyətinin məsələsidir. Bu səbəbdən Türkiyə Prezidenti Azərbaycana başsağlığı verib".