Yanvara qədər “köhnə” tələblər qüvvədədir - EKSPERT

Amma taksi xidməti ilə məşğul olanların müvafiq icazə sənədi mütləq olmalıdır
 
  Oktyabr ayından etibarən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, icazələr AYNA tərəfindən 7 il müddətinə verilir: 

"Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, müntəzəm daşımalarda, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır. Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla müntəzəm daşımalarda, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Nazirlik tərəfindən hazırlanan müvafiq tələblər hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma prosesindədir. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi və müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək. Qeyd edilib ki, taksi sifarişi operatoru fəaliyyətinə icazə, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi isə artıq elektron qaydada AYNA-ya müraciət edilməklə alınmalıdır: "Bunun üçün AYNA tərəfindən “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. Linkə daxil olaraq, müraciətin qaydası barədə məlumat əldə etmək mümkündür. 

  Yeni qaydalar barədə “Sherg.az”a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd etdi ki, oktyabrın 1-dən etibarən icazəsiz taksi fəaliyyətinə qadağa qüvvəyə minib: 

- Bu, gözlənilən idi. Çünki son zamanlar taksi fəaliyyətindən narazılıqlar artmışdı. Baxmayaraq ki, taksi fəaliyyəti operativliyin təmini ilə müqayisədə ən ucuz xidmət növü hesab edilir, bəzən vətəndaşlar narazı qalırdılar. Xüsusən də, taksi sürücülərinin etik davranış qaydalarını kobud pozması səbəbindən. Əlbəttə, taksi sürücülərinin təlimlərə cəlb olunması, təlimlərin sonunda sertifikatla təmin edilmələri və icazə sənədi almaları müsbətdir. Bu, taksi xidməti sahəsində qayda-qanun yaradılmasına xidmət edir. Sürücü qaydalara uyğun davranmalıdır, əks halda cərimə ediləcək. Cərimələrsə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Çünki yeni tələblərin təsdiqlənməsi  4 ay müddətində nəzərdə tutulub. Taksi fəaliyyətinə dair tələblər onsuz da mövcud idi. Sadəcə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edildiyindən taksi fəaliyyətinə dair tələblərə də dəyişiklik edilməsi zərurəti yaranıb. Yeni tələblərlə bağlı təkliflər də 4 ay müddətinə təqdim edilməlidir. Ola bilsin ki, yeni tələblər yeni ildən - yanvar ayından qüvvəyə minsin. O vaxta qədərsə, “köhnə” tələblər qüvvədədir. Amma taksi xidməti ilə məşğul olanların müvafiq icazə sənədi mütləq olmalıdır.