Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.
XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.
O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.
Mirzoyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra sülh sazişinin imzalanması üçün çox unikal vəziyyət yaranıb:
" Eyni zamanda sülh müqaviləsinin imzalanması əvvəlki dövrə nisbətən daha asanddır. Bununla belə sülh sazişinə mane olan müəyyən məqamlar var. Bunlardan başlıcası isə minalı ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməməsidir. Məsələ sülh sazişinə mane olmaqla yanaşı, qarşılıqlı etimad mühitinin yaranmasının da qarşısını alır. Bu günə qədər Ermənistan Azərbaycana bir neçə dəfə xəritə versə də, həmin xəritələrin dəqiqliyi çox aşağı olub. İndi isə Mirzoyan etiraf etdi ki, xəritələr onlardadır. Əvvəllər isə bundan boyun qaçırır, Rusiyanın üzərinə atırdılar. Ermənistan tərəfi minalı ərazilərin xəritələri məsələsini kozur kimi istifadə edir. Həmçinin, xəritələri alış-veriş predmentinə çevirməyə çalışırdılar. Artıq Ermənistan da başa düşür ki, xəritələri vermədən sülh müqaviləsi mümkün deyil və Azərbaycanın səyləri qarşısında müqavimət göstərə bilmirlər".
Ekspert onu da qeyd edib ki, yaxın gələcəkdə mina xəritələrinin Azərbaycana verilməsi mümkündür:
"Ermənistanın isə bunun qarşılığında müəyyən istəkləri ola bilər. Amma istəklərinin təmin olunması tamamilə rəsmi Bakının maraqlarından və siyasi vəziyyətdən asılıdır. Bütün hallarda Ermənistan mina xəritələrini qeyri-şərtsiz Azərbaycana verməyi anlamalıdır. Çünki minalı ərazilərin xəritələrinin verilməməsi sülh sazişinə öz-özlüyündə mane olur. Bundan isə ən çox əziyyət çəkən rəsmi İrəvanın özüdür. Sülh müqaviləsinin imzalanması uzandıqca Ermənistan iqtisadi, siyasi və təhlükəsizlik baxımından çətin duruma düşür. Amma Ermənistan Azərbaycanın şərtləri daxilində sülh sazişinə razı olsa və mina xəritələrini təhvil versə, regional əməkdaşlıq mühiti yaranacaq. Eyni zamanda bu Ermənistan üçün yeni təhlükəsizlik çətiri deməkdir".
Qeyd edək ki, 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə azad olunmuş ərazilərdə hazırda minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.