İCAPP müşahidə missiyasının rəhbəri: Seçkilər bayram əhval-ruhiyyəsində keçib

Ötən gün keçirilən seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirəm.
Bunu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyasının rəhbəri Afif Demirkan 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, ötən gün 07:30-dan etibarən nümayəndə heyəti seçki məntəqələrində olub.

"İCAPP nümayəndə heyəti kimi seçki məntəqəsinin açılması və hazırlıq işlərini müşahidə etdik. Şahid olduq ki, seçki məntəqəsi qrafikdə olduğu kimi 08:00-da seçiciləri qəbul etməyə başladı. Eyni zamanda, səsvermə qutuları lazımı şəkildə möhürlənmişdi. Gün ərzində 7 seçki məntəqəsində olduq. Həmin məntəqələrdə seçkilər sərbəst, ədalətli və şəffaf keçirilib. Hər hansı təhdid, məhdudlaşdırmanın şahidi olmadıq. Seçki komissiyası üzvləri işlərini məsuliyyətli şəkildə həyata keçirdilər. Səsvermə prosesi bitdikdən sonra səslərin sayılması prosesini də müşahidə etdik. Seçkilərin nəticəsinə mənfi münasibət gətirəcək hər hansı bir şikayət almadıq. İCAPP olaraq biz dünyadakı siyasi qrupların ən böyüklərindən biriyik. 52 ölkədən 352 partiyanı təmsil edirik. Məqsədimiz demokratiyanın təbliğidir. Azərbaycanda son seçkilər bayram əhval-ruhiyyəsində keçib", - o qeyd edib.