Bütün insanlardan elektronlaşma və mobilləşmə tələb etmək doğru yanaşma deyil
“Nəinki yaşlı nəsil, orta nəsil, hətta cavanlar arasında da elələri var ki, mobil tətbiqləri yükləyə bilmir”
“Nəinki yaşlı nəsil, orta nəsil, hətta cavanlar arasında da elələri var ki, mobil tətbiqləri yükləyə bilmir”
Paytaxtda ödənişsiz parklanma mümkündür. Amma bəlli şərtlər daxilində, əlbəttə. Əsas şərt avtomobil sahibinin parklanma yerinə yaxın məsafədə qeydiyyatda olmasıdır. Ödənişsiz parklanma şərtləri ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin məlumatında qeyd olunur ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Yuxarıda qeyd edilən tələblər “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiqlənməsi haqqında Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə tənzimlənir. Vətəndaşlar “AzParkinq” mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilər. Fərdi parklanma talonuna müraciət üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, xarici vətəndaş olduqda isə Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya ölkə hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti tələb olunur. Fərdi parklanma talonu üçün müraciətlər “AzParkinq” mobil tətbiqi üzərindən həyata keçirildiyindən və həmin elektron sistem digər aidiyyəti sistemlərlə inteqrasiya olunduğundan müvafiq məlumatlar daxil edildikdən sonra qeyd olunan sənədlər üzrə məlumatlar aidiyyəti informasiya sistemindən avtomatik olaraq götürülür. Minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir.
Ödənişsiz parklanma yaxşıdır. Lakin hər kəs mobil tətbiqdən istifadə edə bilirmi? Gənclər şübhəsiz, biləcək, bəs orta nəsil, yaşlılar? Yoxsa elə güman edirlər ki, hər yaşlı adamın mütləq bir qohumu, yaxınlığında olub ona qayğı göstərən birisi var? Bu elektron sistemləri, mobil tətbiqləri daha sadə formada etmək lazımdır ki, vətəndaş üçün əlçatan olsun.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, parklanma ilə bağlı inteqrasiya işləri gedir, proses sürətlənməyə doğru yönəlib:
- Parklanma ilə bağlı müəyyən addımlar atıldı, amma sonra proses ləngidi. Əsas çətinlik elektron və mobil cihazlara inteqrasiya olunmamış şəxslərlə bağlıdır. Burada məsələ, həm prosesin çətinliyi, həm də müəyyən şəxslər üçün çətinliyidir. Nəinki yaşlı nəsil, orta nəsil, hətta cavanlar arasında da elələri var ki, mobil tətbiqləri yükləyə bilmir, düzgün istifadə qaydalarını tətbiq edə bilmirlər. Bütün insanlardan elektronlaşma və mobilləşmə tələb etmək də doğru yanaşma deyil. Çıxış yolu prosesin sadələşdirilməsidir. Daha sadə proqram üsullarından istifadə etməklə prosesi asanlaşdırmaq olar. Parklanma məsələsində mövcud vəziyyəti Avropa şəhərləri ilə müqayisə etmək isə bizim üçün çox tezdir. Avropa ölkələrində əsas prioritet avtomobilsizləşmədir. Şəhər sakinləri avtomobilə zəruri vasitə kimi baxmır. Avtomobildən müəyyən zamanda, müəyyən məqsədlər üçün istifadə edirlər. Gündəlik həyatda daha çox ictimai nəqliyyatdan istifadəyə önəm verir, avtobus, metrobus, qatarlardan istifadə edirlər. Avropa şəhərlərində yaşayış binalarının qarajları, ofislərin özünün parklanma yerləri olur. Orada parklanma problem deyil. Bizdə parklanmanı çətinləşdirən səbəblərdən biri yaşayış binalarının həyətlərində parklanma üçün yerlərin olmamasıdır. Bəzən binalar elə tikilir ki, heç həyətləri də olmur. Blokun qapısı az qala birbaşa küçəyə açılır. Parkinq yeri olan binalar var. Son illərdə belə binalar tikilir. Amma əvvəlki illərdə tikilmiş binalarda sakinlər üçün parkinq yeri olmadığından problem yaranır.
A.Əsədov qeyd etdi ki, paytaxtda parklanma üçün bəlli məbləğlər təyin edilib:
- Məbləğ əraziyə görə dəyişir. Parklanma zonasından asılı olaraq məbləğ 30 qəpik - 1 manat arasında dəyişir. Amma yenə də sıxlıq yaranır, yaxın ərazilərdə yaşayan sakinlər avtomobillərini park etməyə yer tapmırlar. Hesab edirəm ki, bu məsələdə ciddi dəyişikliyə və nəzarətə ehtiyac var.