Onlar Azərbaycanla Ermənistan arasında yaranmış kövrək etimad münasibətlərini pozmaqla məşğuldur
Avropa İttifaqının (Aİ) Ermənistandakı "mülki missiyası"nın vaxtilə elan olunmuş ilkin razılıqlara tamamilə zidd olan fəaliyyətlərə yönəlməsi şübhəsiz ki, ciddi narahatlıq doğuran tendensiyadır. Aİ-nin sözügedən missiyası son vaxtlar, həqiqətən də, səlahiyyətlərini aşmağa, cızığından çıxmağa başlayıb. Missiyanın Avropanın müxtəlif rəsmi şəxslərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin, o cümlədən Fransa jandarmeriyasının briqada generalının Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə səfərlərinin fəal təşkilatçısı kimi çıxış etməsi missiyanın öz işi ilə məşğul olmadığını, bu qurumun Azərbaycana qarşı hansısa təxribatçı planların hazırlanması üçün alətə çevrildiyini göstərir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Aİ-nin missiyasının sülh prosesinə töhfə vermək əvəzinə, destruktiv mövqe tutması olduqca xoşagəlməz haldır. Onun sözlərinə görə, missiya üzvlərinin sərhədlərimiz yaxınlığında “binokl diplomatiyası” ilə məşğul olması qəbuledilməzdir:
"Aİ-nin mülki geyimli hərbçilərinin, dırnaqarası “müşahidəçi”lərinin, guya, Ermənistanın təhlükəsizliyinin təmin olunması məqsədilə sərhədlərimizin yaxınlığında durbinlərlə var-gəl etmələri tamamilə absurddur. Bu, Aİ-nin Ermənistanın təhlükəsizliyinə töhfə verməsi anlamına gəlmir. Aİ-nin missiyası Ermənistanın təhlükəsizliyinə töhfə vermir, Ermənistan üçün təhlükə mənbəyinə çevrilir. Onlar Azərbaycan Ermənistan arasında yaranmış kövrək etimad münasibətlərini pozmaqla, təxribatlara meydan yaratmaqla məşğuldur. Bu mənada Aİ-nin missiyasının şübhəli fəaliyyətinin rəsmi Bakıda xüsusilə narahatlıq doğurması tamamilə təbiidir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və ona sözügedən missiyanın regional sabitliyə töhfə vermək əvəzinə, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrildiyi barədə xəbərdarlıq edilməsi düzgün addımdır. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası onun üçün müəyyən olunmuş “qırmızı xətt”i keçməməlidir".