Qafar Çaxmaqlı: Türk birliyi artıq arzu deyil, reallıqdır

TDT güc mərkəzinə çevrildikcə, dünyanın istənilən probleminin həllinə təsir edə biləcək


  Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bir çox önəmli məqamla yanaşı, Türk dünyasının sıx əməkdaşlığına, Türk Dövlətləri Təşkilatının güclü quruma çevrilməsi məsələsinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: "Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir". Dövlət başçısı əlavə edib ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: "Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. 
Həqiqətən Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir. Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr, Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gətirilməsi və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir. İki ildir davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə Türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə orta xəttin tapılması daha faydalı olur. Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir. 

  Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının yaranması və Türk dünyasının hər mənada birləşdirilməsi, vahid siyasi, iqtisadi-kommunikasiya və mədəni cəhətdən birliyinin təmin olunması artıq arzu deyil, reallıqdır:

 "Bu birliyin işlək bir mexanizmə çevrilməsi üçün hər bir ölkənin öz töhfəsi var. Azərbaycan bu birliyin lokomotividir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı haqqında dediyi möhtəşəm fikirlər həmin quruma verilən önəmin daha da artacağına, yeni planların olacağına işarədir. Türk Dövlətləri Təşkilatı dünyanın indiki qarışıq siyasi təbəddülatları dönəmində önəmli rol oynaya bilər. TDT güc mərkəzinə çevrildikcə, dünyanın istənilən probleminin həllinə təsir edə biləcək. Təşkilatın gələcəkdə böyüməsi və genişlənməsinin də şahidi olacağıq. "XXI əsr türk əsri olacaq" deyənlər yanılmayacaqlar. Dövlət başçısı İlham Əliyev bu qurumun vizyonunun istiqamətlərini göstərib".